Məhkəmə qərarları › İş №e-2(067)-101/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-101/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-101/2024 12.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı qeyri-bank kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qeyri-bank kredit təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas 3878.00 AZN, faiz borcuna görə 1277.48 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5155.48 (beş min yüz əlli beş manat qırx səkkiz qəpik) AZN məbləğində borcun və 72 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********4857 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 dröd) min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 229 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4857- ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun əsas borc üzrə 3878.00 AZN, faiz borcuna görə 1277.48 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5155.48(beş min yüz əlli beş manat qırx səkkiz qəpik) AZN təşkil edir. İddiaçı qeyri-bank kredit təşkilatı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, ekspert rəyi ilə tanışdır və etiraz etmir. Bankdan borcu o, almışdır. Müqaviləni o, bağlamışdır. 4000 manat götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı qeyri-bank kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********4857 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 dröd) min manat) AZN məbləğində kredit verilmişdir. **********4857- ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli 9/7461 saylı rəyindən müəyyən olunur ki, Finca Azərbaycan” qeyri-bank kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********4857 saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu xx.xx.2023-cü il tarixədək olan borcu (müqavilə müddətinə) 3884.67 manat əsas, 566.37 manat faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7461 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan xəbərdarlıq bildirişlərindən görünür ki, cavabdehlərə borcun qaytarılması ilə bağlı müraciət olunmasına baxmayaraq onlar, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclular öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcları yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Ona görə də kredit müqaviləsi üzrə əsas borcun cavabdehlərdən tutulması barədə iddia əsaslıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi “Borc haqqında arayış”da xx.xx.2023-cü il tarixə 1277.48 manat faiz hesablandığınıgöstərmişdir. Məhkəmə qeyd edir ki, kreditorun məhkəməyə müraciət etdiyi an kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi an, xx.xx.2023-cü il tarixdən sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyini icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia faiz borcu hissəsində qismən,ekspert rəyində iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu tarixədək olan məbləğdə, yəni 566.37 manat məbləğində təmin edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehlərdən ödənilmiş 64.44 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, qalan 7.56 manat hissə isə iddiaçının özünə aid olunmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3878.00 AZN əsas, faiz borcuna görə 566.37 AZN, cərimə borcuna görə 0.00 AZN və 64.44 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMM QBKT-nın xeyrinə ödənilsin, qalan 7.56 manat hissə isə iddiaçının özünə aid edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar