Məhkəmə qərarları › İş №e-2(067)-1190/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1190/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1190/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh(lər) Cavabdeh zərər çəmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində olan 1755,25 manat (bir min yeddi yüz əlli beş manat, 25 qəpik) məbləğində vəsaitin, 38,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** ST *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** ZY *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** ZY *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** ZY *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1 755,25 manat (bir min yeddi yüzəlli beş manat, 25 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 1 755,25 manat (bir min yeddi yüz əlli beş manat, 25 qəpik) məbləğində sığorta ödənişi (1 487,50 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 267,75 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından ödənilmiş tam zərər məbləği olan 1 755,25 manat (bir min yeddi yüz əlli beş manat, 25 qəpik) xx.xx.2022-ci il tarixli məktubla subroqasiya hüququ əsasında geri qaytarılması cavabdeh(lər)dən tələb olunmuş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş olan 1755,25 manat (bir min yeddi yüz əlli beş manat, 25 qəpik) məbləğində vəsait cavabdeh(lər) Cavabdeh tərəfindən geri qaytarılmalıdır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - "xxxx" ASC xx.xx.2022-ci il tarixli sığorta aktından müəyyən olunur ki, sığorta ödənişinin məbləği 1755.250 manat təşkil edir. - "xxxx" tərəfindən ödənişin təyinatı sığorta olmaqla 1755.25 manat məbləğində ödəniş olunmuşdur. - Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından müəyyən olunur ki, ** ZY *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 1755.25 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli Hesab-Fakturadan müəyyən olunur ki, X1 1755.25 manat zərər dəymişdir. - "xxxx" ASC xx.xx.2022-ci il tarixli Elektron-qaimədən müəyyən olunur ki, 1755.25 manat ziyan dəymişdir. - Tam sığorta şəhadətnaməsindən görünür ki, ** ZY *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 323.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ** ST *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və ** ZY *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtomobilə zərər vurmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən X1 ödənilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati xəta haqqında Protokol tərtib olunmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur.. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin ümumilikdə 1755.25 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 38.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1755,25 manat məbləğində vəsait, ödənilmiş 38,00 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar