Məhkəmə qərarları › İş №e-2(067)-1204/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1204/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1204/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/111971/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1727.77 (bir min yeddi yüz iyirmi yeddi manat, 77 qəpik) manat məbləğində əsas borc, 299.40 (iki yüz doxsan doqquz manat, 40 qəpik) manat məbləğində faiz borcu, 1287.75 (bir min iki yüz səksən yeddi manat, 75 qəpik) manat məbləğində cərimə borcu, 517.20 (beş yüz on yeddi manat, 20 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3832.12 (üç min səkkiz yüz otuz iki manat, 12 qəpik) manat məbləğində pulun, 58.32 (əlli səkkiz manat, 32 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/111971/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) faiz ödənilməsi şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 1727.77 (bir min yeddi yüz iyirmi yeddi manat, 77 qəpik) manat məbləğində əsas borc, 299.40 (iki yüz doxsan doqquz manat, 40 qəpik) manat məbləğində faiz borcu, 1287.75 (bir min iki yüz səksən yeddi manat, 75 qəpik) manat məbləğində cərimə borcu, 517.20 (beş yüz on yeddi manat, 20 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3832.12 (üç min səkkiz yüz otuz iki manat, 12 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığrtalanması fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq, iddiaın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə icdiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia tələbinə etiraz edir. Ona görə ki, o, xx.xx.2015-ci il tarixində "xxxx" Quba filialından 3000 manat kredit götürmüşdür. Sonuncu dəfə xx.xx.2016-cı ildə ödəniş etmişdir. Sonradan həmin bank ləğv olunmuşdur. Həmin vaxtdan bu günə qədər ona heç bir xəbərdarlıq edilməmişdir. Qalıq pulu ödəmək iqtidarında deyil. Bildiyinə görə müvafiq sərəncamlara görə 3 il müddət ötən sənədləri məhkəmə qəbul etmir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki İş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/111971/15 saylı kredit müqaviləsindən müəyyən olunur ki, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) faiz ödənilməsi şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindın müəyyən olunur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/111971/15 saylı kredit müqaviləsi üzrə 1727.77 (bir min yeddi yüz iyirmi yeddi manat, 77 qəpik) manat məbləğində əsas borc, 299.40 (iki yüz doxsan doqquz manat, 40 qəpik) manat məbləğində faiz borcu, 1287.75 (bir min iki yüz səksən yeddi manat, 75 qəpik) manat məbləğində cərimə borcu, 517.20 (beş yüz on yeddi manat, 20 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 3832.12 (üç min səkkiz yüz otuz iki manat, 12 qəpik) manat məbləğində kredit borcu vardır. Cavabdeh tərəfindən sonuncu kredit ödənişi xx.xx.2016-cı ildə həyata keçirilmişdir. İş materiallarında olan QSC "xxxx" KB-nin Cavabdeh ünvanlanmış xx.xx.2019-ci il tarixli bildirişindən müəyyən olunur ki, cavabdehə xx.xx.2018-ci il tarixə banka olan 1727,77 manat məbləğində əsas, 976,41 manat məbləğində faiz borcu, 610,74 manat məbləğində cərimə, cəmi 3314,92 manat məbləğində kredit borcunu 3 gün ərzində ödəməsi təklif olunmuş, əks halda qeyd olunan borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********96 saylı ödəniş qəbzindən müəyyən olunur ki, ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 58,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 374.1.-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 374.2.-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.1.-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1.-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2.-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Məcəllənin 381.1.-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sənədlərlə müəyyən olunmuşdur ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/111971/15 saylı kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışla və cavabdehin özünün etirafı ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu kredit ödənişi xx.xx.2016-cı il tarixdə edilmişdir. Belə olan halda Mülki Məcəllənin 377.1.-ci maddəsinə əsasən iddia müddətinin başlanması xx.xx.2017-ci il tarixdən hesablanır və Mülki Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunduğundan, iddia müddəti xx.xx.2020-ci il tarixdə bitir. Hazırkı iddia ərizəsi iddia müddəti keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 il iddia müddəti buraxılmışdır. Cavabdeh də izahatında 3 il iddia müddətinin keçməsini qeyd etməklə, dolayısı ilə iddia müddətinin tətbiqini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından, cavabdeh isə iddia müddətinin tətbiq olunmasını tələb etdiyindən, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar