Məhkəmə qərarları › İş №e-2(067)-1255/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1255/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1255/2023 21.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və cavabdeh Süleymanova Xəyalə Eldar qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Süleymanova Xəyalə Eldar qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDI: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №280/F-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №280/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 1489.58 AZN (bir min dörd yüz səksən doqquz manat əlli səkkiz qəpik) əsas, 242.55 AZN (iki yüz qırx iki manat əlli beş qəpik) faiz, 272.23 AZN (iki yüz yetmiş iki manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 2004.36 AZN (iki min dörd manat otuz altı qəpik) məbləğində borcun və tərəfimizdən ödənilmiş 40.05 AZN ( qırx manat beş qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh1, zamin – Süleymanova Xəyalə Eldar qızı) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №280/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 24% olmaqla, 36 ay müddətinə 2500 AZN (iki min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, TuranBank ASC, Süleymanova Xəyalə Eldar qızı arasında xx.xx.2021-ci il tarixli, 280/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 1489.58 AZN (bir min dörd yüz səksən doqquz manat əlli səkkiz qəpik) əsas, 242.55 AZN (iki yüz qırx iki manat əlli beş qəpik) faiz, 272.23 AZN (iki yüz yetmiş iki manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 2004.36 AZN (iki min dörd manat otuz altı qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borclarıcavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №280/F-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 48 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır, Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. 2.7-ci bəndə əsasən Zamin Borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında iddiaçı TURANBANK ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №280/F-21 saylı kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 24% olmaqla, 36 ay müddətinə 2500 AZN manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Süleymanova Xəyalə Eldar qızı arasında xx.xx.2021-ci il tarixli, 280/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-nə 1489.58 manat əsas, 242.55 manat faiz, 272.23 manat cərimə borcu olmaqla, cəmi borcu 2004.36 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Ona görə cavabdehə qarşı məhkəmədə hazırkı iddianı qaldırmışlar. Xahiş edir ki, iddia təmin edilsin. Məhkəmə iclasında iş üzrə cavabdeh Süleymanova Xəyalə Eldar qızı iddianı qismən qəbul edərək, iş üzrə izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 iş yoldaşı olub. O, krediti əvvəl ödəyirdi, sonradan özünün də kreditləri oldu, ödəyə bilmədi. Sonuncu dəfə avqust ayında 50 manat ödəmişdir. Xəyalın atası deyir ki, oğlu qazidir, maddi imkanları yoxdur krediti ödəməyə. Sonuncu dəfə 50 manat özü ödəmişdir. İstərdi ki, ona da ziyan dəyməsin, hissə-hissə ödənişlər olunsun. Məhkəmə iş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək və işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №280/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 24% olmaqla, 36 ay müddətinə 2500 AZN (iki min beş yüz manat) məbləğində kredit verilmişdir. İş materiallarında olan TuranBank ASC ilə Süleymanova Xəyalə Eldar qızı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 280/F-21 saylı zaminlik müqaviləsindən görünür ki, Süleymanova Xəyalə Eldar qızı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 zamin olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehlərə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 40.05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə X1 arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin olunduğundan iddia həcmi azaldıldığı üçün dövlət rüsumu da ona mütənasib olaraq Azərbaycan Respublikası Dövlət X3 8.1.2.-ci maddəsinə əsasən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət X3 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində hesablanır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Süleymanova Xəyalə Eldar qızından kredit müqaviləsinə əsasən 1489.58 manat əsas, 242.55 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi borcu 1752.13 manat məbləğində kredit borcu pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumundan 37.52 manat cavabdehlər Cavabdeh1 və Süleymanova Xəyalə Eldar qızından tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Rüsum qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli, İK №280/F-21 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Süleymanova Xəyalə Eldar qızından müştərək qaydada kredit müqaviləsinə əsasən banka olan 1489.58 manat əsas, 242.55 manat faiz, 20 manat cərimə, cəmi 1752.13 manat məbləğində borc pul və 37.52 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar