Məhkəmə qərarları › İş №e-2(067)-1308/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1308/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1308/2025 05.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi”nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15 may 2023-cü il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 8959,62 manat əsas, 96,37 manat faiz borcu olmaqla, cəmi 9055,99 manat məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 110,56 manat pulun və 0,4 manat xidmət haqqının alınaraq «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və onun nümayəndəsi Nümayəndə4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmalarına baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh və onun nümayəndəsi Nümayəndə4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək iddia tələbini tam müdafiə etdiklərini bildirməklə, məhkəmə baxış iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştiakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə almaqla işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********73 saylı kredit müqaviləsinə əsasən X4 46 ay müddətinə illik 18 faiz olmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 447 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Xaçmaz filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2023-cü il tarixli BPM**********73 saylı kredit müqaviləsinə əsasən 8959.62 manat əsas və 96.37 manat faiz borcu olmaqla, cəmi 9055.99 manat məbləğində borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlər, kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla Cavabdeh 15 may 2023-cü il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 8959,62 manat əsas, 96,37 manat faiz borcu olmaqla, cəmi 9055,99 manat məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 110,56 manat pulun və 0.4 manat xidmət haqqının alınaraq «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Xaçmaz filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********73 saylı kredit müqaviləsindən və əlavə olunmuş sənədlərdən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış qeyd olunan kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 46 ay müddətinə illik 18 faiz olmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanmış faizləri ödəmək ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 381942 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri, 28 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 447 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş 07 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X3 vərəsəsi kimi tanınmışdır. İş materiallarına olan «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin mərhum X3 vərəsəsi- Cavabdeh ünvanladığı 16 oktyabr 2024-cü il tarixli bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh müqavilə üzrə borc məbləğinin ödənilməsini təmin etməsi ilə əlaqədar iddiaçı bank tərəfindən bildiriş göndərilmişdir. İş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixli BPM**********73 saylı kredit müqaviləsinə əsasən 8959.62 manat əsas və 96.37 manat faiz borcu olmaqla, cəmi 9055.99 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan 17 fevral 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 110,56 manat məbləğində dövlət rüsumu, 0,4 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas X1nın xx.xx.2023-cü il tarixdə vəfatından sonra Bakı şəhəri, 28 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 aprel 2024-cü tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhumun qanun üzrə vərəsəsi müraciəti əsasında mirası qəbul etmiş şəxs olaraq Cavabdeh müəyyən edildiyindən Bank tərəfindən tələbin kredit müqaviləsi üzrə öhdəliyin daşıyıcısı olmuş mərhum Həlimə Mehdiyevanın vərəsəsi olaraq qardaşı Cavabdeh yönəldilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 110,56 manat dövlət rüsumu və 0,4 manat ödənilmiş xidmət haqqı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan tam təmin edilməklə Cavabdeh 15 may 2023-cü il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 8959,62 manat əsas, 96,37 manat faiz borcu olmaqla, cəmi 9055,99 manat məbləğində borc, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 110,56 manat pul və 0,4 manat xidmət haqqı alınaraq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 15 may 2023-cü il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 8959,62 manat (səkkiz min doqquz yüz əlli doqquz manat altmış iki qəpik) əsas, 96,37 manat (doxsan altı manat otuz yeddi qəpik) faiz borcu olmaqla, cəmi 9055,99 manat (doqquz min əlli beş manat doxsan doqquz qəpik) məbləğində borc, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 110,56 manat (bir yüz on manat əlli altı qəpik) pul və 0,4 manat (qırx qəpik) xidmət haqqı alınaraq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar