Məhkəmə qərarları › İş №e-2(067)-1326/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1326/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1326/2024 27.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: QSC "xxxx" KB məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90388/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1917,88 manat məbləğində əsas borc, 302,44 manat məbləğində faiz borcu, 60,10 manat məbləğində cərimə borcu, 530,28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2810,70 manat məbləğində pulun, 48,11 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/90388/1 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 36 ay müddətinə illik 26 faiz ödənilməsi şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 1917,88 manat məbləğində əsas borc, 302,44 manat məbləğində faiz borcu, 60,10 manat məbləğində cərimə borcu, 530,28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2810,70 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəf məhkəmənin ünvanına ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/90388/1 saylı kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 36 ay müddətinə illik 26 faiz ödənilməsi şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli, 1xx/xx/90388/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 1917,88 manat məbləğində əsas borc, 302,44 manat məbləğində faiz borcu, 60,10 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" sistemindən çıxarışdan müəyyən olunur ki, QSC "xxxx" KB tərəfindən 48.11 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1917,88 manat məbləğində əsas borc, 302,44 manat məbləğində faiz borcu, 60,10 manat məbləğində cərimə borcu, 530,28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48.11 manat məbləğində pul tutularaq QSC "xxxx" KB hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar