Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-138/2023 28.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “Atabank“ Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 17 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunmasını, cəmi 12636,73 manat - bundan 12358,56 manat əsas borc, 277,65 manat faiz borcun, 0,52 manat cərimə borcun və iş üzrə ödənilmiş 128 manat dövlət rüsumunun Cavabdeh tutulmasını - tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 0,04 ha torpaq sahəsi ilə birlikdə yönəlməsini, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasını, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evinin 1 ay ərzində boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Xaçmaz filialı ilə kredit alan X5 arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 076İSKX saylı güzəştli şərtlərlə kreditin verilməsinə dair müqaviləyə əsasən cavabdehə əsas borc məbləğinin restrukturizasiyası üçün 5 il müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə), illik faiz dərəcəsi 1 % olmaqla 12360 manat məbləğində güzəştli kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan Xaçmaz şəhəri, Mehdi Hüseynzadə küçəsi,ev 80 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 124.6 kv.m ümumi, 44 kv. m. yaşayış, 80.6 kv m yardımçı sahədən, 1 mərtəbəli , 3 otaqdan ibarət fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. Evin ipoteka qoyulması barədə Bank ilə X5 arasında 20 oktyabr 2019- cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə dövlət qeydiyyatına alındıqdan sonra evin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bildiririk ki, kredit alan mərhum X5 xx.xx.2020-ci il tarixdə vəfat edib və Cavabdeh onun vərəsəsidir. Bu hal 19 iyun 2022-ci il tarixli Notariat ofisi tərəfindən verilmiş məktubda aşkar olunmuşdur. Məktubdan göründüyü kimi, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də məhz cavabdeh qismində mərhumun vərəsəsi qeyd olunmuşdur. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildiriş və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ümumilikdə borc 12636,73 manat təşkil edir. Bundan 12358, 56 manat əsas borc, 277,65 manat faiz borcu, 0,52 manat cərimə borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Heç kəs onunla danışmayıb, əlaqə saxlamayıb. Bunların heç birindən onun xəbəri yoxdur. Müqavilə onunla bağlanmayıb. Müqavilə yoldaşı və İddiaçı arasında bağlanmışdır. Evin qiymətləndirilməsindən heç nə anlamır. Evini satışamı qoyublar, yoxsa necə bilmir. Evin qiymətləndirilməsini də istəmir. Ona maraqlıdır ki, bu borc haradan yaranıb. Onun yoldaşı ödənişləri də edib. Üstəlik müqavilə bağlanarkən onun razılığı olmayıb. Onun evini satsalar, onun gedəcəyi yeri də yoxdur. Həm də o, heç yerdə işləmir. Təqaüdlə dolanır. Yəni başqa gəliri yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Xaçmaz filialı ilə kredit alan X5 arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 076İSKX saylı güzəştli şərtlərlə kreditin verilməsinə dair müqaviləyə əsasən cavabdehə əsas borc məbləğinin restrukturizasiyası üçün 5 il müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə), illik faiz dərəcəsi 1 % olmaqla 12360 manat məbləğində güzəştli kredit verilmişdir.Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 124.6 kv.m ümumi, 44 kv. m. yaşayış, 80.6 kv m yardımçı sahədən, 1 mərtəbəli , 3 otaqdan ibarət fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə müraciət olunmasına baxmayaraq o, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2023-cü il tarixli 9/165 saylı rəyindən müəyyən olunur ki, “Atabank“ Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 076İSKX saylı güzəştli şərtlərlə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh banka olan borcu xx.xx.2023-cü il tarixədək olan borcu 12.358.96 manat əsas, 295.53 manat faiz müəyyən edilmişdir. İş materiallarında olan Fame-Pro Qiymətləndirmə Şirkətinin rəyindən müəyyən olunur ki, X4 məxsus Xaçmaz şəhəri, Mehdi Hüseynzadə küçəsi,ev 80 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 45.000 manat, likvid dəyəri isə 36.000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 274.2-ci maddəsi nəzərə alınmaqla, girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində və ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə keçdikdə girov hüququ qüvvədə qalır. Girov qoyanın hüquq varisi girov qoyanın yerini tutur və əgər girov saxlayanla razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyanın bütün vəzifələrini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 17 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv olunsun. Cavabdeh 12.358.96 manat əsas, 277.65 manat faiz borcu, 0,52 manat cərimə borcu və iş üzrə ödənilmiş 128 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 0,04 ha torpaq sahəsi ilə birlikdə yönəlsin. Əmlakın ilkin satış qiyməti 36.000 manat müəyyən edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evi 1 ay ərzində boşaldılsın və ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-138/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-138/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver