Məhkəmə qərarları › İş №e-2(067)-1392/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1392/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1392/2025 25.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 3217.22 manat vəsaitin, o cümlədən, iddiaçı "xxxx" ASC-nin dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 55.66 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 308.32 manat həcmində hesablanmış faiz, Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq – “Sedent”) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin (bundan sonra – “borclular”) bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışlar. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq – “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir. Qeyd edək ki, borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan “X3 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”dan da göründüyü üzrə **********473912 və **********723001 nömrəli bank kartlarının sahibi əsassız varlanaraq cəmi 3217.22 AZN məbləğində pul vəsaiti əldə etmişdir. “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatlara əsasən **********473912 və **********723001 nömrəli kartın sahibi Cavabdehdir (cavabdeh) və müvafiq MAPS arayışına əsasən onun rəsmi qeydiyyat ünvanı Xaçmaz rayonu, Hacıəlibəy ərazi dairəsi, Hacıəlibəy kəndidir. İş materiallarında olan “KİVİ BANK” SC (“КИВИ Банк” АО) tərəfindən "xxxx" MMC-yə (“Банк «МБА- МОСКВА” OOO) göndərilən 11-2023-314754/1ПБ nömrəli, xx.xx.2023-cü il tarixli “İnformasiya məktubu”nda qeyd edilmişdir ki, “KİVİ BANK” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Granat” pul köçürmələri xidmətinin işində problemlərin olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMC-nin müraciətinə cavab olaraq, QİWİ Cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılmış, müştərilər tərəfindən əməliyyatın ləğv edilməsini təsdiq edən və buna görə də “Granat” pul köçürmələri xidməti tərəfindən “300” kodunun və əməliyyat səhvi haqqında “Texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir. Ödənişi həyata keçirmək üçün sizə xidmət edən banka müraciət etməyinizi xahiş edirik” məzmununda mətnin yer aldığı məktubun göndərildiyi köçürmələr üzrə müvafiq reyestri (əlavə 1) təqdim edirik”. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025 tarixli, 6-2- 41/2-8146/2025 nömrəli bildirişdə qeyd edilmişdir ki, Cavabdeh 3217.22 AZN məbləği həcmində əsassız pul vəsaiti əldə etmiş, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilmiş, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarması borcludan xahiş edilmişdir. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini "xxxx" müvafiq müddət ərzində ASC-yə qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı "xxxx" ASC məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, 2023-cü ildə texniki qüsur nəticəsində ABB Moskva Bankdan cavabdehin kartına pul vəsaiti köçürülmüşdür, lakin cavabdeh tərəfindən pul banka geri qaytarılmamışdır. Cavabdeh bankın hesabına əsassız olaraq varlanmışdır. Cavabdehin ünvanına pretenziya məktubu göndərilməsinə və onunla əlaqə saxlanılmasına baxmayaraq, cavabdehdən heç bir geri dönüş olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. ABB Moskvanın pul köçürmə sistemində texniki xəta baş vermişdir. Cavabdeh “Unibank” kartı vasitəsilə həmin pulu kartdan çıxarmışdır. Lakin həmin pul cavabdehin kartına olunan köçürmə olmamışdır, texniki xəta nəticəsində bankın hesabından çıxan məbləğdir. “ABB Moskva” inzibati proseslər səbəbi ilə "xxxx" ilə “Tələbin güzəşti haqqında” müqavilə bağlamış və tələb Azərbaycan Beynəlxalq Bankı”na ötürülmüşdür. Bu prosedurlara müəyyən vaxt sərv olunduğundan məhkəməyə bir qədər gec müraciət olunmuşdur. Köçürmə 2 kart üzrə olmuşdur. Bir kart üzrə 6, bir kart üzrə isə 4 köçürmə olmuşdur. Cavabdehlə əlaqə saxlamağa çalışsalar da, heç bir halda bu mümkün olmamışdır. Cavabdehin ünvanına pretenziya məktubu göndərmişlər. Cavabdehlə bank arasında heç bir müqavilə bağlanmamışdır. Cavabdehdən gecikdirilmiş borc məbləğinə görə illik 5 faiz olmaqla işlənmiş 23 ay üçün faiz məbləği də tələb olunur. Cavabdeh pulu qəbul etdiyi andan etibarən əsassız varlanmasının fərqində olmasına baxmayaraq pulu banka qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən pulun cavabdehdən qaldığı müddət ərzində, yəni 23 ay müddətini 5 faizlə Mülki Məcəlləyə uyğun olaraq hesablama aparmışlar. Pretenziya məktubunu fevral ayında göndərmişlər. Lakin cavabdeh əsassız varlanmasını bilərək pulu qaytarmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı texniki qüsur nəticəsində ABB Moskva Bankdan cavabdehin kartına köçürülmüş pul vəsaitinin (əsassız varlanma nəticəsində əldə etdiyi 3217.22 manat vəsaitin), iddiaçı "xxxx" ASC-nin dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 55.66 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 308.32 manat həcmində hesablanmış faizin cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfin əvvəlki məhkəmə iclasında verdiyi izahatı və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq – “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir. “X3 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan da göründüyü üzrə **********473912 və **********723001 nömrəli bank kartlarının sahibi əsassız varlanaraq cəmi 3217.22 AZN məbləğində pul vəsaiti əldə etmişdir. “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatlara əsasən **********473912 və **********723001 nömrəli kartın sahibi Cavabdehdir. "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş bildirişdə qeyd edilmişdir ki, Cavabdeh 3217.22 AZN məbləği həcmində əsassız pul vəsaiti əldə etmiş, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilmiş, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarması borcludan xahiş edilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 55.26 manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1092.1.1 bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehin plastik bank kartlarına hər hansı hüquqi əsas olmadan müxtəlif tarixlərdə olmaqla (11-xx.xx.2023cü il) ümumilikdə 3217.22 manat məbləğdə vəsait köçürülmüş, bunun nəticəsində cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi iş materialları təsdiq olunan hissədə, yəni 3217.22 manat məbləğdə pula münasibətdə təmin edilməlidir. İddia tələbinin təmin edilməyən 308.32 manat məbləğdə dəymiş zərərin (gecikdirilmiş borc) də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhrum olan şəxs əsassız varlanan şəxsdən o halda əlavə pul tələb edə bilər ki, o əsassız varlanmış şəxsin əmlakın (pulun) onda olduğu bütün vaxt ərzində əmlakdan (puldan) gəlir götürdüyünü sübuta yetirmiş olsun. Lakin iddiaçı tərəfindən məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3217.22 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib hissəsi cavabdehə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının tələbi qismən, yəni, 3217.22 manat hissədə təmin edildiyindən iddianın qiyməti 3217.22 manat təşkil edir. “Elektron məhkəmə sistemi”ndə yaradılmış “dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsilə aparılmış hesablamaya əsasən cavabdehdən 52.17 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3217.22 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 52.17 manat hissəsi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar