Məhkəmə qərarları › İş №e-2(067)-14/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-14/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-14/2025 25.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 85000 (səksən beş min) manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 345 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur, bir-birilərini yaxından tanıyırlar. Təxminən 2019-ci ilin noyabr ayında o, torpaq sahəsi alaraq ev tikmək qərarına gəlib. Bu söhbəti Cavabdeh da eşidib. Bundan sonra Cavabdeh iddiaçıya onun əlaqələrinin geniş olmasını bildirərək, onlar üçün ev tikə biləcəyini bildirib. O, cavabdehə inanmışdır. Cavabdeh ona müəyyən məbləğdə pul ödəmələri olduğunu bildirib. Onlar razılaşmış və ilkin olaraq cavabdehə 10000 manat məbləğində pulu ödəyib və torpaq alaraq onun işə başlamasını bildirib. Cavabdeh bundan sonra gəlib əlavə pul lazım olduğunu bildirib və o, yenə cavabdehə pul verməyə başlayıb. Hər dəfə işin gedişi ilə maraqlananda cavabdeh ona özünə aid olan tikilini göstərərək işin getdiyini bildirib. O, cavabdehə 2021-ci ilin dekabr ayına kimi cəmi 85000 manat məbləğində pul ödəyib. Lakin sonradan cavabdeh həmin tikilini verməyib və üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bundan sonra o, dəfələrlə cavabdehdən pulunu tələb edərkən cavabdeh yalan vədlər verməyə başlayıb, pulu qaytaracağını bildirib. Onlar aralarında aparılan danışıq zamanı cavabdeh ondan həqiqətən 85000 manat məbləğində pul almasını etiraf edib. Lakin hazırkı vaxtadək onun pulunu ödəmir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, ekspert rəyləri ilə razıdırlar. Göründüyü kimi onların verdiyi 85000 manat pulu cavabdeh evin tikintisinə sərf etməyib. Hər dəfə də deyib ki, pulu alanda Xaçmaza vermişəm, amma bir dəfə də olsun sübut təqdim etməyib ki, nə tikib. 15386 manat pul xərcləyib, qalan məbləği xərcləməyib. Səs yazısının diskini də, stenoqramını da məhkəməyə təqdim etmişdir. Pulun verilməsi ilə bağlı şahidləri də təqdim etmişlər. Özü də etiraf edir. Məsələn həmin səs yazısının 01:06-cı dəqiqəsində İddiaçı bildirir ki, “Sənin deməyinlə hesabladım, 80 manat oldu ya olmadı?”. Abbas bildirir ki, ”83400 manat oldu, Səni yaradan Allaha and olsun ki, 100 manat vermisən, onu da yazmışam”. İddiaçı: “Abbas mən hər şeyi evdə yazmışam, bu gün səninlə üz-üzə oturub hesablayaq”. Abbas: “Ay qız 1400 manat söhbəti gedirsə, sənin yazdığınla mənim yazdığım arasında 1400 manat söhbəti gedir, səninlə mənim dediyim arasında 1400 manat söhbəti var da, düzdür?”. İddiaçı bildirir ki, ”Onda sənin deməyindən belə çıxır ki, mən sənə 85000 manat yox, 83000 manat vermişəm, sənə 85000 manat verməmişəm?”. Abbas bildirir ki, “Səni yaradan Allaha and olsun ki, yazdığımız 83400 manatdır, sən əlavə verdiyin 100, 200, 300 manatı da qəpiyinə kimi yazmışam”. İddiaçı sonuncu diskin 02:56-cı dəqiqəsində bildirir ki, “Sən deyirsən 85000 manat yox, 83400 manat?”. Abbas da bildirir ki, “Bəli”. Yəni etiraf edir, göründüyü kimi ev tikilib. Ekspert rəyləri verilib, şahidlər dindirilib. Ona görə onlar iddia tələbini tam müdafiə edirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh göstərmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə razı deyil. Təkrar ekspertiza təyin edilməsini xahiş edir, bu barədə vəsatətini məhkəməyə təqdim etmişdir. Rəydə göstərilən məbləğ evə xərclənən məbləğ deyil. Ekspert düzgün ölçməyib, hesablamanı düzgün aparmayıb. Bir damın altında iki ev var, evin 2 açarı da iddiaçıdadır. O, 2 sot torpaq sahəsinin pulunu almışdır. Tikintiyə aid pullar özlərinin iştirakı ilə verilmişdir. 2 sot torpaq sahəsinin dəyəri kimi 8500 manat pul ona çatıb. Cavabdehlə torpaq söhbəti olmayıb. Ona 2 sot torpaq sahəsinə görə 8500 manat pul verilib. Ramanada bacısının adına olan 4 sot torpaq sahəsindən 2 sotunu iddiaçıya satmışdır. Bacısının adına həmin 4 sot torpaq sahəsinin 99 illik icarəyə verilməsinə dair çıxarış var. 2 sot torpaq sahəsini iddiaçıya nisyə satmış, o da 3 dəfəyə pulu ona vermişdir. Aralarında notarial qaydada alqı-satqı olmayıb. 4 sot torpaq 99 illik icarədə olub. 2 sot torpaq sahəsini iddiaçı ilə ərinə onların xahişinə əsasən satmışdır. Həmin torpaq sahəsinə görə ona 3 dəfəyə 8500 manat pul veriblər. Həmin torpaq sahəsində o özü üçün də ev tikməyə başlayanda ona demişlər ki, evin divarı 1,40-lıq olsun deyə onlar üçün də ev tiksin. 2016-cı ildə tikintiyə başlamış, keyfiyyətli materiallardan istifadə edilməklə tikilib. 3000 manat pulu materiallara görə ustaya da, ona da veriblər. Ona müxtəlif vaxtlarda 3000 manat, 2000 manat, 7-8 min manat 2-ci mərtəbəyə görə veriblər. Özü 2 pilləkən qoydurmuş, heç xəbərləri də yoxdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə göstərmişdir ki, iddiaçı cavabdehə 85000 manat pulu özü üçün ev tikmək üçün vermişdir. İddiaçı cavabdehə pul verəndə bilirdi ki, cavabdeh 2 ev tikəcək, birini özü üçün, o birini iddiaçı üçün. İddiaçı bir damın altında 2 evin tikilməsinə razılıq vermişdir. İddiaçı torpaq sahəsinin cavabdehin bacısının adına olduğunu bilmişdir. 5000 manata torpaq sahəsi alınıb. Notariat kontorunda iddiaçı ilə cavabdehin bacısı arasında icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlanılıb. İddiaçının əri pul göndərib, o, da pulu evin tikintisi üçün cavabdehə vermişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh göstərmişdir ki, torpaq sahəsi bacısının adına olmuşdur. İddiaçı ilə telefon danışığındakı səs yazısı ona məxsusdur. Etiraz ərizəsində də göstərmişdir ki, ona pul verilib torpaq alınıb, bağ salınıb, şəxsi istifadəsi üçün verilməyib. 2020-ci ildə evin 2-ci mərtəbəsinin tikintisi üçün 8500 manat pul verilib. 06 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının oğlu Şahid ifadəsində göstərir ki, cavabdeh anasının əmisi oğludur. 2019-cu ilin noyabrdekabr aylarında onlar üçün Ramanada ev tikmək üçün pul götürmüşdür. Evi üç ildə bir dəfə gördüyünü, evin üstünün yarımçıq olduğunu, üstünün vurulmadığını, evin quru divar olduğunu bildirir. İddiaçı - yəni anası cavabdehə pulu evlərində onun yanında verib. Cavabdeh iddiaçıdan bir dəfə 1000 manat, bir dəfə 1500 manat, bir dəfə 2000 manat alıb. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçı olan İddiaçı 2016-cı ildə özünə torpaq almışdır və ona şəxsən özü müraciət etmişdir ki, onun üçün ev tiksin. İddiaçı evinin tikintisinin dayanıqlı, möhkəm və keyfiyyətli materiallardan tikilməsini tələb etmişdir. Ona həmin evin tikintisi xidmətini göstərə biləcəyini bildirmişdir. İddiaçı bunun üçün ona hissə-hissə müəyyən məbləğlər ödədi. İddiaçı üçün həmin evin tikintisinə başlamışdır. Bu zaman Xaçmaz Rayonunda satılıq bağ sahəsi var idi. İddiaçı həmin bağ sahəsini almış, sonra ona müraciət edərək bağ sahəsinin ətrafını daş hasara aldırmağı xahiş etmişdir. O da iddiaçının xahişi ilə onun bağ sahəsinin ətrafını daş hasara aldırmış və xərcini iddiaçı çəkmişdir. Bundan əlavə iddiaçı Xaçmaz Rayonu, Ağtala kəndində yerləşən bağ sahəsində 0.5 ha torpaq sahəsi almışdır. Həmin bağ sahəsini də almağa köməklik etmişdir. Bunun üçün də iddiaçı 8000 manat məbləğdə onun köməkliyi ilə bağ sahəsinin sahibinə pul ödəmişdir. Bundan sonra həmin bağ sahəsində şaftalı bağı salmaq üçün texnika gətirildi, və bağ abadlaşdırılaraq meyvə bağı salındı. İddiaçı Bakı şəhərində yaşadığı üçün, aldığı torpaq sahəsi də Abşeron Rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşdiyi üçün mütəmadi olaraq tikinti yerinə gələrək evin tikilişinə şəxsən nəzarət etmişdir. Həmçinin bundan başqa iddiaçının qohumları və yaxınları da mütəmadi olaraq tikinti yerində olmuşlar. Evin tikintisinin qanuni standartlara cavab verən, keyfiyyətli materiallardan tikildiyini görmüşlər. Bu yaxın günlərə qədər iddiaçı ilə onun arasında heç bir mübahisə olmayıb və tikinti gedişatını bəyənib. Ev 2 mərtəbəlidir. Evin tikintisinə küllü miqdarda beton, armatur, taxta, mişar nıdaşı, usta pulu və di gər xərclər çıxmışdır. Həmçinin bildirirmişdir ki, iddiaçı işin gedişatına şəxsən nəzarət etmişdir. Pulu da hissə-hissə ödəmişdir. Həmin evin tikintisi üçün iddiaçı təxminən 50.000 manat pul göndərmişdir. Həmin ödənilən pulları iddiaçının evinin tikintisinə xərcləmişdir. Əgər tikintinin gedişatından narazı olmasaydı, 5000-10000 ödədikdən sonra işi dayandırardı və ona pul göndərməzdi. İddiaçı iddia edir ki, guya ki, tikintinin gedişatından xəbəri olmayıb, bu tamamilə yalandır. Şəxsən özü tez -tez gəlib xəbər tuturdu. Evin tikintisindən başqa, Xaçmaz rayonunda torpaq sahəsi almaq üçün xərclədiyi pulları, torpaq sahəsinin daş hasarına xərclədiyi pulları, meyvə bağı salınması üçün xərclədiyi pulları, guya ki evin tikintisi üçün ona vermiş kimi, indi də ondan tələb idir. Hazırda onun verdiyi 50000 manat pul müqabilində ona keyfiyyətli ev tikdirmişdir. O həmin pulu iddiaçının evinin tikintisinə xərcləmişdir. Əgər pulunu geri götürmək istəyirsə, getsin tikilini satsın. O, onun evinə xərclədiyi pulu geri qaytara bilməz. İddiaçının iddia tələbi reallığı əks etdirmir. O, bir qohum kimi ona kömək etmişdir. Çəkdiyi bütün əziyyəti və məqsədi onun üçün keyfiyyətli ev tikdirmək idi. İddiaçının tələbindən belə çıxır ki, o ona həm ev tikintisinə, həm də 2 yerdə bağ sahəsi alınması, meyvə bağının salınması üçün ödədiyi pulları ondan geri alacaq, nəticədədə, həm evi, həm də aldığı bağ sahələri ona pulsuz başa gələcək. İddiaçı tikintiyə xərclənən pulun və bu məbləği şişirdərək ondan geri tələb etməsi əsassızdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Ramanı qəsəbəsində tikilmiş (yarı tikilmiş) evin faktiki vəziyyətinə görə bir dam altında iki təcrid olunmuş mənzilin olması mövcuddur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən tədqiq olunan yaşayış evində təqdim edilmiş tikililərdə aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 30773 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən iki təcrid olunmuş mənzillər arasında tikinti və konstruktiv xüsusiyyətlərinə görə fərqlərin olmadığı müəyyən olunmuşdur. Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən iki təcrid olunmuş mənzillərin hər birinin tikintisində eyni keyfiyyətli tikinti materiallarından istifadə edildiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən iki təcrid olunmuş mənzillərin hər birinin tikintisində görülmüş işlərin həcmi tərtib olunmuş smeta 1 və smeta 2-də ətraflı göstərilmişdir. Eyni zamanda qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İş materiallarında olan 01 ədəd səs yazılarını özünə əks etdirən diskə məhkəmə iclası zamanı baxış keçirilərkən cavabdeh etiraf etmişdir ki, səs yazıları ona məxsusdur. Səs yazılardan o da müəyyən edilir ki, həqiqətən də, Cavabdeh İddiaçı evin tikintisi üçün 83400 manat məbləğində pul almışdır. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 345 manat rüsum ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı üçün Ramanı qəsəbəsində fərdi yaşayış evin tikintisini aparmaq üçün sonuncudan 83400 manat məbləğində pulu almış, lakin pulu tam şəkildə təyinatı üzrə istifadə etməmişdir. İş üzrə keçirilmiş ekspertizalar nəticəsində müəyyən olunur ki, Cavabdeh bir tam altında iki ayrı-ayrı evin tikintisini aparmış və hər iki evə cəmi 30773 manat pul xərcləmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçının vəsaiti hesabına özünə də ev tikmək niyyətinə gəlmiş, lakin ona verilən vəsait hesabına istədiyinə nail ola bilməmişdir. Nəticədə cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Buna baxmayaraq, ekspert rəylərindən belə nəticə çıxır ki, Cavabdeh iki evin tikintisinə 30773 manat pul xərcləyibsə, onun yarı hissəsi İddiaçı üçün xərclənmişdir və belə olan halda, cavabdehin səs yazılarında etiraf etdiyi 83400 manatdan 15386,5 (30773:2=15386,5) manat məbləği çıxılmalı, qalan məbləğ isə 83400-15386,6=68013,5 manat pul isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən, yəni, 69613.5 manat hissədə təmin edildiyindən iddianın qiyməti 69613.5 manat təşkil edir. “Elektron məhkəmə sistemi”ndə yaradılmış “dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsilə aparılmış hesablamaya əsasən cavabdehdən 298.84 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 68013.5 manat məbləğində pul, ödənilmiş 345 manat dövlət rüsumunun 294.04 manatı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar