Məhkəmə qərarları › İş №e-2(067)-1409/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1409/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1409/2025 30.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 5950 (beş min doqquz əlli) manat məbləğində əsas borcun, 2080 manat ona dəymiş maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun illərdir ki, tanıyır, cavabdeh xx.xx.2023-cü ildə ona müraciət edərək təcili 8000 (səkkiz min) manat məbləğində borc pul istəyərək pulu qısa müddətdə qaytaracağını bildirmişdir. O, Cavabdeh inanaraq 18 aylığa, hər ay 560 manat banka ödəmək şərti ilə pul kreditə götürərək ona verib. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və nəticədə banka olan borcu o özü qaytarmışdır. Götürdüyü kreditə görə o, banka 10080 (on min səksən) manat məbləğində pul qaytarmışdır. Cavabdeh ondan aldıgı puldan ona kart hesabına ödəməklə hissə-hissə olmaqla cəmi 2050 manat pul qaytarmış və onun ona 5950 (beş min doqquz əlli) manat borcu qalmışdır. O, cavabdehdən həmin pulu qaytarmasını istəmiş, lakin o, müxtəlif bəhanələr gətirməklə pulu qaytarmamış və o, da polisə şikayət etmişdir. Sumqayıt şəhər Pİ-nin 5-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Həmin araşdırma zamanı cavabdeh ondan 8000 manat məbləgində pul aldıgını etiraf etmişdir. O, bundan qabaq da məhkəməyə müraciət etmiş və həmin vaxt cavabdeh bir necə qəbz təqdim etmiş, hətta ona aid olmayan qəbzləri də təqdim etmişdir. Lakin kart vasitəsi ilə qaytarılan vəsait ümumilikdə 2050 manat təşkil edir. Cavabdeh 8000 manat aldığını, ona guya 4000 manat borcu olduğunu etiraf etsə də, ona əsas borcu 5950 manat təşkil edir. Bankdan götürdüyü pula görə isə o, əlavə 2080 manat maddi ziyan cəkmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 5950 manat məbləğində borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh iddiaya etiraz göndərərək iddiaçıdan 8000 manat borc aldığını, 4000 manat pulu qaytardığını və iddiaçıya 4000 manat borcu qaldığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh Sumqayıt ŞPİ-nin 5-ci PB-də verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, iddiaçıdan 18 ay müddətinə qaytarmaq şərti ilə 8000 manat borc pul aldığını və bu məbləğdən 4 ay ay ödəniş etdiyini etiraf etmişdir. - İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, cavabdeh iddiaçıya məxsus 510307******8882 saylı bank kart hesabına müxtəlif vaxtlarda cəmi 2060 manat köçürməklə həmin məbləğdə borc kimi götürdüyü vəsaiti qaytarmış, 5940 manat pulu isə qaytarmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 18 ay müddətinə qaytarılmaq şərti ilə 8000 manat pul vermişdir. Cavabdeh isə həmin pulu geri qaytarmasına söz versə də, vədini yerinə yetirməmiş, iddiaçıya cəmi 2060 manat pulu geri qaytarmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk olaraq qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırki mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin tanışlıq münasibəti əsnasında iddiaçı xx.xx.2023-cü il tarixdə borc kimi sonuncuya 18 aya qaytarmaq şərtilə 8000 manat pul vermişdir. Cavabdeh götürdüyü puldan 4000 manatı qaytardığını bildirsə də, iş materialları ilə 2060 manat pulun iddiaçıya qaytarıldığı təsdiqini tapmışdır. Araşdırılan işdən müəyyən edilir ki, tərəflər arasında qeyd olunan məbləğin verilməsi və cavabdeh tərəfindən alınması işin mübahisəiz halıdır. Lakin, işdən göründüyü kimi, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı yazılı müqavilə bağlanması müəyyən edilməmişdir. Əsassız varlanmadan bəhs edən Mülki Məcəllənin 1091.1-ci maddəsində deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsində deyilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçı 2-ci qrup müharibə əlili olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5940 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddianın verilməsinə görə 79.40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5940 (beş min doqquz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 79.40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar