Məhkəmə qərarları › İş №e-2(067)-1503/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1503/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1503/2024 05.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 11777.63 manat məbləğində əsas, 2174.4 manat məbləğində faiz, 706.02 manat məbləğində cərimə borcunun, cəmi 14658.05 manat borcun və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 16000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh3 iddianı tam qəbul edərək göstərmişdir ki, borcu hissəhissə ödəyəcəklər. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək təmin olunmasına etiraz etməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; - - Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 16000 manat məbləğində kredit vermişdir. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən cavabdehin iddiaçıya 11777.63 manat məbləğində əsas, 2174.4 manat məbləğində faiz, 706.02 manat cərimə borcu vardır. -İddiaçı ASC -nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 134 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 16000 manat məbləğində kredit vermişdir. İş üzrə iddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehlərə bildiriş göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdehlər tərəfindən qəbul edildiyi xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixdən (xx.xx.2024-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşlar. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 11777.63 manat məbləğində əsas, 1915.2 manat məbləğində faiz, 500 manat cərimə borcu və 134 manat məbləğində dövlət rüsumu tutularaq “İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar