Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-151/2023 23.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı ASC -nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 13717,17 AZN əsas, 2770,71 AZN faiz, 2754,56 AZN (iki min yeddi yüz əlli dörd manat əlli altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 19242,44 AZN məbləğində borcun və ödənilmiş 147,73 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21.2 %, 36 ay müddətinə 14 000 AZN (on dörd min manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ciil tarixinə İddiaçı ASC-yə 13717.17 AZN (on üç min yeddi yüz on yeddi manat on yeddi qəpik) əsas, 2770.71 AZN (iki min yeddi yüz yetmiş manat yetmiş bir qəpik) faiz, 2754.56 AZN (iki min yeddi yüz əlli dörd manat əlli altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 19242.44AZN (on doqquz min iki yüz qırx iki manat qırx dörd qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyətiəhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuş və rəyi qəbul edir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 21.2 faizlə 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Cavabdehin Kredit müqaviləsinə əsasən əsas borc üzrə 13717,17 AZN, faiz borcu üzrə 2770,1 AZN olmaqla, 2754,56 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19242,44 AZN borcu mövcuddur. Ona görə məhkəmədə iddia qaldırmılmışdır. Xahiş edir iddia təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Borcunu qismən etiraf edir. İşi olmadığı üçün pulu ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21.2 %, 36 ay müddətinə 14 000 AZN (on dörd min manat) məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq bildirişlərindən görünür ki, cavabdehlərə borcun qaytarılması ilə bağlı müraciət olunmasına baxmayaraq onlar, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişlər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07 dekabr 2022-ci il tarixli 9/7670 saylı rəyindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsinin qeyd olunan şətrləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu xx.xx.2022-ci il tarixədək olan borcu 13667,87 manat əsas, 2326,12 manat faiz müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07 dekabr 2022-ci il tarixli 9/8879 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilsin; xx.xx.2021-ci il tarixli, İK 1517/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh 13667,87 manat əsas, 2326,12 manat faiz bоrcu, 100 manat cərimə borcu və ödənilmiş 147,73 manat məbləğində pul (dövlət rüsumunun əvəzi olaraq) tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-151/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-151/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver