Məhkəmə qərarları › İş №e-2(067)-1570/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1570/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1570/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 noyabr 2019-cu il tarixli, 238FRres №-li kredit müqaviləsinin ləğv olunması, cəmi 3205.01 (üç min iki yüz beş manat, bir qəpik) AZN – bundan 3133.69 (üç min yüz otuz üç manat, altmış doqquz qəpik) AZN əsas, 71.28 (yetmiş bir manat iyirmi səkkiz qəpik) AZN faiz borcun, 0.04( dörd qəpik) cərimə borcu və iş üzrə ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun Cavabdeh müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli, 238FRres №li kredit müqaviləsinə əsasən 5 (beş) il müddətinə (1 il güzəşt müddəti tətbiq edilməklə) illik 1 (bir) faiz dərəcəsi ilə 3133.69 (üç min yüz otuz üç manat, altmış doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçun açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1 bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndində göstərilir ki, “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verən”ə illik 1 (bir) % ödəyir. Həmin kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən, “faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır”. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 3205.01 AZN təşkil edir. Bundan 3133.69 AZN əsas, 71.28 AZN faiz borcu, 0.04 AZN cərimə borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxllmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASCnin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 238FRres №-li kredit müqaviləsinə əsasən 5 (beş) il müddətinə (1 il güzəşt müddəti tətbiq edilməklə) illik 1 (bir) faiz dərəcəsi ilə 3133.69 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixə kreditora 3133.69 AZN əsas, 71.28 AZN faiz borcu, cərimə 0.04 AZN borcu vardır. İş materiallarında olan bildirişdən müəyyən edilir ki, cavabdehə borclu olduğu məbləği ödəməsi üçün rəsmi xəbərdarlıq olunmuşdur. İş materiallarında olan müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir və cavabdeh iddiaçı LPO İddiaçı ASC qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməli və 21 noyabr 2019-cu il tarixli, 238FRres №-li kredit müqaviləsi ləğv olunmalı, 3133.69 manat əsas, 71.28 manat faiz borcu, 0.04 AZN cərimə borcu olmaqla, cəmi 3205.01 manat və iş üzrə ödənilmiş 53 manat dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 21 noyabr 2019-cu il tarixli, 238FRres №-li kredit müqaviləsi ləğv olunsun. Cavabdeh 3133.69 manat əsas borc, 71.28 manat faiz borcu, 0.04 AZN cərimə borcu olmaqla, cəmi 3205.01 manat pul və iş üzrə ödənilmiş 53 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar