Məhkəmə qərarları › İş №e-2(067)-1608/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1608/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1608/2025 31.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə birgə nikahda əldə etdikləri Xaçmaz rayonu, Dədəli kəndində yerləşən evdə istifadə hüququnu müəyyən etməklə onun və üç azyaşlı övladlarının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1144/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən nikahı pozulmuşdur. O, Cavabdeh ilə nikaha daxil olduğu gündən Cavabdeh ilə birgə təsərrüfat apararaq Xaçmaz rayonu Dədəli kəndində yaşamışdır. Həmin evi birgə nikah zamanı birlikdə tikib istifadə etmişlər. Arayış və aktdan da göründüyü kimi, 2018-ci ildə birgə nikah dövründə yaşadığı həyətyanı torpaq sahəsində həmin 2 mərtəbəli fərdi yaşayış evini öz valideyinləri və qohumlarının köməyi nəticəsində tikmişlər. Onun cehiz əmlakları Xaçmaz rayonu Dədəli kəndində yerləşən birgə əldə etdikləri evdədir. Özü də valideyinlərinə məxsus olan evdə yaşayır. Birgə nikah dövründə üç övladı: xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. Cavabdeh ona və uşağlarına qayğı göstərmir. Cavabdeh evdən onu üç azyaşlı övladı ilə çıxarmış və o, dəfələrlə qayıtmaq istəsədə həmin evə buraxmamışdır. Valideyinlərinə məxsus olan ev darısqal olduğundan orada yaşaya bilmir. Ona görə də, kirayədə yaşamaq məcburiyyətində qalır. İş yeri olmadığı üçün kirayədə qalmaq onun üçün üç azyaşlı uşaqla çətindir. Hal-hazırda valideyinlərinə məxsus evdə yaşayır. Kirayədə azyaşlı uşaqla qalmaq həmçinin uşağı evdə tək qoyub işləmək ona çətin olur. Bundan sonra onun ev almağa və yaxud da kirayə ev tutub yaşamağa maddi imkanı yoxdur. Mediasiya prosesində iştirak etmişdir. Məhkəmə iclasında iddiaçı X6 izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Onlar cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikah dövründə üç övladı xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. Onlar Dədəli kəndində valideyn evində yaşamışlar. Birgə nikah dövründə həyətdə onların evi tikilib. Ustalara o, yemək və çay vermişdir. Onun ailəsinin də dəstəyi olub. Ev 2 mərtəbədən ibarətdir. Lakin 2-ci mərtəbə istifadəyə uyğundur. Həmin ev 2018-ci ildə tikilib, onun evin tikintisinə əziyyəti var. Orada özünə və uşaqlara istifadə hüququ istəyir. Evin birgə nikah dövründə tikilib əldə edilməsi ilə bağlı şahidləri var. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul edir, gəlib yaşaya bilərlər, ev uşaqlarınındır, evə dair sənəd yoxdur, evin yerləşdiyi torpaq sahəsi vəfat etmiş atası Loğman Mahmudovun adına olmuşdur, sənədləşməsi bitməyib. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, iddiaçı Dürsədəf Mahmudova qonşusudur. 2010-cu ildə iddiaçı ora gəlin köçüb. Orada köhnə evdə yaşayıblar və sonradan təzə ev tikilib. Evi hər iki tərəfin köməyi ilə tikiblər. Ev tikilən vaxt iddiaçı orada uşaqları ilə yaşayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, iddiaçı 2010-cu ildə cavabdehlə evlənib, sonradan ayrılıblar. 3 uşaqları var. Ata evində qalır. İddiaçını uşaqlığından tanıyır. İddiaçı onun qohumudur. 2010-cu ildən qayınatası evinə köçüb. Sonradan oranın həyətində onların təzə evi tikilib. Evin tikintisində iddiaçının atası və qardaşı da kömək edib. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, iddiaçını uşaqlıqdan tanıyır. 2018-ci ildə iddiaçı orada yaşayırdı. İddiaçı ora Elsevərin atası Loğmanın evinə gəlin gəlmişdi, orada qalırdılar. Sonra orada yeni ev tikdilər. Məhkəmə iddiaçının və şahidlərin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. - Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının Dədəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş 11 mart 2025-ci il tarixli Aktdan müəyyən olunur ki, Xaçmaz rayonu Dədəli kənd sakinləri X6 və Cavabdeh birgə nikahları dövründə yaşadıqları həyətyanı torpaq sahəsində 2018-ci ildə yeni 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş və bu fakt Dədəli kənd sakinləri X5, X1 və X4 imzaları ilə təsdiq olunmuşdur. - Xaçmaz rayonu Qusarçay Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 30 nömrəli Arayışdan müəyyən olunur ki, Dədəli kənd sakinləri X6 və Cavabdeh birgə nikah dövründə yaşadıqları həyətyanı torpaq sahəsində 2018-ci ildə yeni iki mərtəbəli yaşayış evi tikilmişdir. - Həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.1992-ci il tarixli Aktın surətindən müəyyən olunur ki, Xaçmaz rayon Dədəli sovxoz direktorluğunun xx.xx.1992-ci il tarixli 137 nömrəli əmrinə əsasən Dədəli kənd sakini X9 fərdi yaşayış evi tikmək üçün verilmiş 0.10 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq daimi istifadə üçün təhkim olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1144/2024 saylı qətnaməsindən müəyyən olunur ki, X6 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikahın pozulması və üç övladının yetkinlik yaşına çatanadək Dürsədəf Mahmudovanın himayəsində (yanında) saxlanılması qət edilmişdir. EMİS-dən əldə olunan məlumatlara əsasən X3 adına hər hansı daşınmaz əmlak müəyyən edilməmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı Dürsədəf Mahmudovanın istifadə hüququnun tanınmasını və köçürülməsini arzuladığı fərdi yaşayış evi Cavabdeh atası Loğman Mahmudova məxsus Xaçmaz rayonu Dədəli kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində yerləşir. Həmin fərdi yaşayış evi iddiaçı ilə cavabdehin birgə nikahı dövründə onlar tərəfindən ümumi gəlirləri hesabına 2018-ci ildə tikilmiş, iddiaçı ilə cavabdeh birgə təsərrüfat aparmaqla orada yaşamışlar. Ev sənədsizdir. İddiaçı övladları ilə birlikdə mübahisəli evə yaşayış sahəsindən istifadə hüququnun tanınmasını və evə köçürülməsini tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh birgə nikah dövründə ümumi gəlirləri hesabına fərdi yaşayış evini inşa edib orada yaşadığlarından və sonradan iddiaçının həmin evə dair istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı bir hüquqi əsas və ya hal baş vermədiyindən iddia təmin olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından ödənilmiş məbləğ iddiaçının özünə aid edilməlidir, Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı X3 övladları xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə Xaçmaz rayonu, Dədəli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində 2018-ci ildə inşa etməklə əldə etdikləri iki mərtəbəli fərdi yaşayış evində istifadə hüquqları müəyyən edilsin və onlar həmin evə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar