Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1822/2025 25.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştiraları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 9346.10 manat əsas kredit borcu, 514.7 manat kreditdən istifadəyə görə faiz borcu, 21.16 manat cərimə olmaqla, cəmi 9881.96 manat borcun, həmçinin 118.82 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 13130***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-cü il tarixdən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 18% dərəcəsi ilə (aylıq ödəniş 411.34 manat olmaqla hər ayın 14-dək ödənilmək şərti ilə) 14000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə 13FİZAM101543801 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Lakin, kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyən Cavabdeh1 banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 9346.10 manat əsas, 514.70 manat faiz, 21.16 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 9881.96 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddia tələbini qəbul edərək, bildirmişdir ki, 2023-cü ildə bankdan 14000 manat kredit götürmüşdür. Kreditin bir hissəsini ödəmişdir. Hal-hazırda iş yeri olmadığına görə kreditin qalan hissəsini ödəyə bilmir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddia tələbini qəbul edərək, bildirmişdir ki, bankda krediti oğlu götürmüş, o, da zamin durmuşdur. Borcu ödəməlidirlər, lakin, tam ödəniş edə bilmirlər. Krediti hissə-hissə ödəyə bilərlər. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə cavabdehlərin izahatını dinləyib və iddianı etiraf etmələrini nəzərə alıb, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023cü il tarixli, 13130***-*******02L saylı əsas kredit limiti razılaşmasından müəyyən edilir ki, Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-cü il tarixdən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 13 mart 2023-cü il tarixli, 13130***-*******02L saylı əsas kredit limiti razılaşmasının şərtlərinə əsasən bağlanmış 14 mart 2023-cü il tarixli müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 48 ay müddətinə illik 18% dərəcəsi ilə (aylıq ödəniş 411.34 manat olmaqla hər ayın 14-dək ödənilmək şərti ilə) 14000 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2023cü il tarixli, 13FİZAM101543801 zaminlik müqaviləsindən müəyyən edilir ki, kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə 13FİZAM101543801 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. 15 aprel 2025-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, Cavabdeh1 kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 15 aprel 2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1nın 15 aprel 2025-ci il tarixə banka 14 mart 2023-cü il tarixli, 13130***-*******02L saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 9346.10 manat, faiz üzrə 514.7 manat, cərimə üzrə 21.60 manat olmaqla, cəmi 9881.96 manat məbləğində kredit borcu yaranmışdır. 21 aprel 2025-ci il tarixli, **********81 saylı mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 118.82 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 13 mart 2023-cü il tarixli, 13130***-*******02L saylı əsas kredit limiti razılaşmasının şərtlərinə əsasən bağlanmış 14 mart 2023-cü il tarixli müqavilə üzrə, digər Cavabdeh2 isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağladığı 13 mart 2023-cü il tarixli, 13FİZAM101543801 zaminlik müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 743.1-ci maddəsinin tələblərini pozmuşlar və Cavabdeh1 və Cavabdeh2 öhdəliyini icra etməyən borclulsr kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bocludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş və cavabdehdən tələb olunan 118.82 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, habelə cavabdehlər tərəfindən etiraf edildiyindən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli, 13130***-*******02L saylı əsas kredit limiti razılaşmasının şərtlərinə əsasən bağlanmış 14 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 9346.10 manat, faiz üzrə 514.70 manat, cərimə üzrə 21.60 manat olmaqla, cəmi 9881.96 manat məbləğində bоrc pul və ödənilmiş 118.82 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023cü il tarixli, 13130***-*******02L saylı əsas kredit limiti razılaşmasının şərtlərinə əsasən bağlanmış 14 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 9346.10 manat, faiz üzrə 514.70 manat, cərimə üzrə 21.60 manat olmaqla, cəmi 9881.96 manat məbləğində bоrc pul və ödənilmiş 118.82 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1822/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1822/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver