Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-205/2022 14.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Kredit borcunun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, XCK05649 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1372 manat qalıq borc, 711,24 manat cərimə borcu olmaqla ümumilikdə 2083,24 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 40,83 manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq təkrarən heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdehnın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək icraatlarında məhkəmə, dövlət və digər hüquq mühafizə orqanlarında olan işlərin çoxluğu, həmçinin işlərin eyni tarixlərə təsadüf etməsi, eyni zamanda məsafənin uzaq olması səbəbindən hazırki mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia tələblərini tam müdafiə etdiklərini, əlavə tələb və vəsatətləri olmadığını bildirməklə işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15.11.2019-cu il tarixli XCK05649 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 1849 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1372 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 2370.82 manat təşkil edir. (bax: əlavə olunan maliyyə arayışı). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 30%ni ödənilməsi borcludan tələb olunur. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 711.24 manat təşkil edir. Göstərilənlər nəzərə alınmaqla cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, XCK05649 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1372 manat qalıq borc, 711,24 manat cərimə borcu olmaqla ümumilikdə 2083,24 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 40,83 manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15.11.2019-cu il tarixli XCK05649 nömrəli nisyə alqısatqı müqaviləsindən, nisyə alqı-satqı müqaviləsinə əlavədən və həmin tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, XCK05649 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1849 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə əsasən cavabdeh məişət məhsulunun dəyərini hər ay qrafikdə müəyyən olunmuş tarixdə və məbləğlərdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı 13 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1372 manat, müqavilə üzrə cərimə borcu 2370.82 manat olmaqla həmin hesablanmış cərimə məbləğinə 30 % güzəşt edilərək cərimə məbləği (dəbbə) 711,24 manat, borcun cəmi məbləği 2083,24 manat təşkil edir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə borcunun ödənilməsini gecikdirdiyinə görə iddiaçı tərəfindən bildiriş məktubu göndərilmiş, borcun müəyyən olunmuş müddətdə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 40,83 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı, onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi nisyə alqı-satqı müqaviləsi üzrə münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının 1372 manat qalıq borcuna 711,24 manat məbləğində dəbbə pulu (cərimə) hesablaması bu borca mütənasib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə 1372 manat qalıq borcuna hesablanmış 711,24 manat məbləğində cərimənin məbləğini azaldaraq, 100 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 40,83 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, XCK05649 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh 1372 manat qalıq borc, 100 manat cərimə borcu olmaqla ümumilikdə 1472 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 40,83 manat pul alınaraq İddiaçı xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-240,83, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, XCK05649 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh 1372 (bir min üç yüz yetmiş iki) manat qalıq borc, 100 (bir yüz) manat cərimə borcu olmaqla ümumilikdə 1472 (bir min dörd yüz yetmiş iki) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 40,83 manat (qırx manat səksən üç qəpik) pul alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №e-2(067)-205/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-205/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver