Məhkəmə qərarları › İş №e-2(067)-2061/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2061/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2061/2023 16.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8409.91 manat əsas kredit borcu, 407.44 manat kreditdən istifadəyə görə faiz borcu, 21.36 manat cərimə borc olmaqla, cəmi 8838.71 manatın, həmçinin 108.39 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Razılaşmasına əsasən Cavabdeh2 36 ay müddətinə illik 16 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 13FİZAM76505405 saylı xx.xx.2022-ciil tarixli zaminlik müqaviləsinə əsasən, o Kredit Razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit Razılaşması şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin Kredit Razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 8409.91 manat əsas kredit borcu, 407.44 manat kreditdən istifadəyə görə faiz borcu, 21.36 manat cərimə borc olmaqla, cəmi 8838.71 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. İddiaçı tərəf məhkəmənin ünvanına ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək təmin olunmasına etiraz etməmişdir. Əlavə olaraq bildirmişdir ki, 80 manat pensiya alır, yeni qrafik açılmasını və ayda 100 manat ödəniş etməsini istəyir. Məbləğlə razıdır. Ekspertizanın keçirilməsinə zərurət yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək təmin olunmasına etiraz etməmişdir. Eyni zamanda hissə-hissə ödəmək istədiyini bildirmişdir. Məbləğlə razıdır. Ekspertizanın keçirilməsinə zərurət yoxdur. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən müəyyən olunur ki, cavabdehə illik 16% ödəmək şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 ilə bağlanmış zaminlik müqаviləsinə əsаsən zamin bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı bütün öhdəlikləri icrа еtməlidir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən 108,39 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8409.91 manat əsas, 407.44 manat faiz borcu, 21.36 manat cərimə borcu və 108.39 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar