Məhkəmə qərarları › İş №e-2(067)-2136/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2136/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2136/2021 15.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, cavabdeh X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X5 ilə "xxxx" ASC arasında bağlanmış 30.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsinin ləğv edilməsi, cavabdehdən 6997.76 manat əsas, 2.38 manat faiz borcu olmaqla, cəmi 7000,14 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə "xxxx" ASC arasında bağlanmış 30.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% olmaqla, 7164.42 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini icra etməmişdir və hazırda onun Banka 6997.76 manat əsas, 2.38 manat faiz borcu olmaqla, cəmi 7000,14 manat məbləğində ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə "xxxx" ASC arasında bağlanmış 30.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsinin ləğv edilməsi, cavabdehdən 6931.6 manat əsas və 1,97 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul edərək izahatında göstərmişdir ki, onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hazırda 6931,6 manat əsas və 1,97 manat məbləğində faiz borcu vardır. O, xərçəng xəstəliyinə düçar olduğuna görə borcunu qaytarmağa maddi imkanı olmamış, ona görə də borcunu hazırkı vaxtadək ödəyə bilməmişdir. Cavabdeh yaxın vaxtlarda kredit borcunu hissə-hissə ödəməyə çalışacağını qeyd etmişdir. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur və iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh X2 izahatını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, iddiaçı Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 30.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla, 7164.42 manat məbləğində kredit verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 30.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsi üzrə cavabdehin Banka 6931.6 manat əsas və 1,97manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. İş materiallarında olan 16.07.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbi ilə əlaqədar cəmi 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımındanİddiaçı Açıq Səhmdar Cəmiyyətiilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımındanİddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 30.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 30.07.2019-cu il kompensasiya/restrukturizasiya istehlak müqaviləsi ləğv edilməli, cavabdehdən 6931.6 manat əsas və 1,97 manat faiz borcu olmaqla, cəmi 6933,57 manat məbləğində kredit borcu, həmçinin, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 30.07.2019cu il tarixli kompensasiya restrukturizasiya istehlak müqaviləsi ləğv edilsin. Cavabdeh X1 6931.6 (altı min doqquz yüz otuz bir manat, altmış qəpik) manat əsas borc, 1,97 (bir manat, doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 6933,57 (altı min doqquz yüz otuz üç manat, əlli yeddi qəpik) manat məbləğində kredit borcu, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar