Məhkəmə qərarları › İş №e-2(067)-2159/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2159/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2159/2025 24.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 8000 (səkkiz min) manat və məhkəmə də iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh olan Cavabdeh ilə birlikdə "xxxx" Şirkətində işləmişlər. Rəsmi olaraq qeyd olunan Şirkətin bölgə müdiri vəzifəsində işləmiş və 2024-ci ilin avqust ayına kimi həmin şirkətin məhsullarını respublikanın şimal rayonlarında, yəni Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında, onun tabeliyində işləyən cavabdeh olan Cavabdeh paylamışdır. Yəni cavabdeh “Siren MMC-də mal paylayıcı işləmişdir, Rzaya nəzarət etmək isə onun vəzifəsi olmuşdur. Rza şirkətə məxsus olan malları mağazalara payladıqdan sonra malları alan mağazalar həmin malların pulunu rəsmi qaydada şirkətin hesabına ödəməli olmuşlar. Lakin Rza mal paylayan zaman mal alan mağaza sahibləri ilə danışaraq 2024-ci ilin yanvar ayından 2024-cü ilin avqust ayına kimi olan müddət ərzində şirkətə məxsus 12800 manat pulu mağaza sahiblərindən alaraq öz şəxsi məqsədləri üçün mənimsəmişdir. O 2024-cü ilin avqust ayında hesabat aparan zaman məlum olmuşdur ki, cavabdeh olan Rza həmin müddət ərzində şirkətin malını mağazalara paylasa da, malların pulu Şirkətin hesabına daxıl olmamışdır. Bu məqsədlə işlər dərindən araşdırılan zaman tam aydın olmuşdur ki, qeyd olunan müddət ərzində mağazalar malları Rzadan alsa da, malın pulunu Şirkətin hesabına yox, nağd şəkilində Rzanın istəyinə uyğun olaraq ona vermişlər. Rza isə həmin pulu Şirkətin hesabına ödəmək əvəzinə, öz şəxsi məqsədləri üçün xərcləmişdir. Yəni Şirkətin malını mənimsəmişdir. Bu haqda Rza ilə söhbət eləyəndə Rza öz etdiyi əməli etiraf etmiş, umumilikdə 12800 manat pulu, malın pulu kimi mağazalardan alaraq öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Pulun təcili şirkətin hesabına ödənilməli olduğunu Rzaya bildirildikdə Rza ondan xahiş etmişdir ki, həmin vaxt pulu şirkətə ödəməyə imkanı yoxdur, o borc kimi onun yerinə ödəsin, daha sonra az vaxt ərzində borcunu ona qaytaracaqdır. O, Rzaya inanaraq onun şirkətə məxsus mənimsədiyi 12800 manat pulu üç-dörd dəfəyə olmaqla şirkətin hesabına ödəmişdir. Rza həmin onun yerinə ödədiyi 12800 manat pulu az vaxt ərzində qaytaracağını bildirsə də sonradan müxtəlif bəhanələrlə pulu (borcu) qaytarmaqdan imtina etmişdir. 2024-cü ilin axırlarında o məcbur olaraq Xaçmaz RPŞ-nə şikayət ərizəsi yazaraq Cavabdeh şikayət etmişdir. Xaçmaz RPŞ-də ərizəsi üzrə araşdırılma aparılan zaman Cavabdeh faktı etiraf etsə də yalandan güya həmin borcun bir hissəsini qaytardığını söyləmiş və ona 8000 manat borcunun qaldığını bildirmişdir. Araşdırılma zamanı etiraf etdiyi 8000 manat borcu ona qaytaracağını bildirsə də Cavabdeh bu günə kimi etiraf etdiyi 8000 manatdan bir manat olsa da borcu qaytarmamışdır. Cavabdeh ona olan borcu 12800 manat olsa da, əlində bunu sübut edən dəlillər olmadığı üçün məcbur olmuşdur ki, onun Xaçmaz RPŞ-də etriaf etdiyi pulu ondan tələb etsin. Amma yuxarıda qeyd etdiyi kimi yenə müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırdığı üçün məcbur olmuşdur ki, borc tələbi ilə məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC şirkətində birgə işləmişlər. 2024-cü ilin avqust ayında araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh həmin müddət ərzində şirkətə məxsus 12800 manat pulu mağaza sahiblərindən alaraq şirkətin hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün mənimsəmişdir. Araşdırma nəticəsində müəyyən olunmuş bu halın aradan qaldırılması üçün iddiaçı və cavabdeh öz aralarında əldə etdikləri razılığa əsasən iddiaçı cavabdehin şirkətə olan borcunu ödəyib, sonra həmin pulu iddiaçıya qaytaracaqdır. Lakin sonradan cavabdeh həmin pulu iddiaçıya ödəmədiyi üçün 2024-cü ilin noyabr ayında iddiaçı Xaçmaz rayon Polis Şöbəsinə cavabdehin dələduzluq əməli ilə əlaqədar müraciət etmişdir. Aparılan araşdırma zamanı cavabdeh polis şöbəsində verdiyi izahatında 12800 yox, 8000 manat borclu olmasını etiraf etmiş, iş mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəməyə qəbzlər təqdim etmişdir, həmin qəbzlər polis şöbəsində verdiyi izahatdan əvvəlki tarixə aiddir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh dolayı yolla 8000 manat borcu olmasını etiraf edir, lakin borcu iddiaçı ilə arasında bölmək istəyir. Şirkət sifariş olunan malları ekspeditorlar vasitəsilə ünvanlara çatdırır, ekspeditorlara nəğd pul verilmir. Müştəri pulu şirkətin bank hesabına köçürür. Lakin bəzi şirkətlərdə pul ekspeditorlar tərəfindən mağazalardan yığılır, onlar həmin pulu şirkətin hesabına köçürür. Ekspeditorlar yerlərdə işlədiyi obyektlərlə işgüzar münasibətləri yarandığı üçün malların satış pulunu nəğd şəkildə də qəbul etdikləri hallar olur. İddiaçı həmçinin bildirmişdir ki, cavabdeh qeyd edir ki, borcdan 4000 manat onun payına düşür, bununla razı deyil. Satış işlərində cavabdehliyi özü daşıyıb, onun bununla nə kimi əlaqəsi ola bilər. O, bankdan kredit götürüb cavabdehin şirkətə olan borcunu ödəmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, Xaçmaz RPŞ-də psixoloji təzyiq altında izahat vermişdir. İddianı 2000 manat hissəsində qəbul edir. Telefonunda nasazlıq olduğu üçün qəbzləri telefonunu bərpa edəndən sonra çıxarmışdır. Borcun 4000 manatı iddiaçının payına düşür, o, ödənişlər etmiş, iddiaçıya 2000 manat borcu qalmışdır, hazırda heç yerdə işləmir, həmin borcu hissə-hissə ödəyə bilər. İddiaçı özü bildirmişdir ki, mağazalara malları aşağı qiymətə satsın, sonra öz aralarında həll edəcəklər. Ona görə də hazırki yüksək məbləğdə borc yığılmışdır. Şirkətə ödənilməli pulu iddiaçıya vermiş, iddiaçı pulu şirkətə ödəməmişdir. İddiaçının bankdan kredit alma səbəbini bilmir. O, işdən çıxandan sonra adında borc olan müştərilər olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -məhkəmənin sorğusuna əsasən alınmış cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, HK-1/3795 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti şikayət vermiş şəxsə göndərilməsi qərara alınmış və ona həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna və yaxud Xaçmaz rayon məhkəməsinə şikayət etmək hüquqları və qaydaları izah edilmişdir. Material üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, Xaçmaz şəhəri Aşıq Ələsgər küçəsi ev 47-də ailəsi ilə birlikdə yaşayır. Hər hansı bir yerdə işləmir. Təxminən 2021-ci ildən başlayaraq 2024-cü ilin avqust ayının 8-dək Siren MMCdə satış təmsilçisi işləmişdir. Onun funskional vəzifəsi şirkətin məhsullarını respublikanın şimal rayonlarında, yəni Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında satışını təşkil etməkdən ibarət olmuşdur. Yəni, o, qeyd olunan rayonlardakı mağazaları gəzib həmin mağazalara şirkətə məxsus hansı malların lazım olmasınının siyahısını tərtib etmiş, şirkət isə həmin malları mağazalara çatdırmışdır. Həmin malların götürülməsində və mağazalara verilməsi prosesində o iştirak etməmişdir. Şirkət bəzi məhsulları satanda o həmin məhsullara 5 faizədək endirim edib satmışdır. Lakin elə mağazalar olmuşdur ki, həmin məhsulları daha da endirimlə istəmişlər. O bu barədə şirkətin bölgə müdiri Fərmana deyəndə Fərman ona demişdir ki, təki müştərilər imtina etməsinlər, malları onların istədiyi qiymətlə hesablayarlar, yerdə qalan pulu da onlar öz hesabına ödəyərlər. Onlar satışdan sonra şirkətə daxil olan puldan 4 faiz pul almışlar deyə o da satış olmasının marağında olmuş, ona görə də yerdə qalan pulu şərik ödəmələri barədə o da Fərmanla danışıb razılaşmışdır. 2024-cü ilin avqust ayının 8-də o işdən çıxan vaxt onun Fərmana 8000 manat borcu qalmışdır. O, həmin 8000 manatı Fərmana qaytaracaq və heç bir vaxt həmin borcu qaytarmaqdan imtina etməmişdir. Sadəcə hazırda işləmədiyinə görə o, Fərmana olan 8000 manat borcunu qaytara bilmir. Əslində onun Fərmana olan borcu 8000 manatdan çox olmuş, işlədiyi müddət ərzində hər ay maaş aldıqda o Fərmana olan borcundan bir qədər ödəmişdir, sonda isə 8000 manat borc qalmışdır. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat dövlət rüsumu ödənilmişdir. -Cavabdeh ərizəsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsində baxılan e- 2(067)-2159/2025 saylı iş üzrə məhkəmə iclasında verdiyi izahatın müəyyən hissələrinin dəqiqiəşdiriməsini (dəyişdirilməsini) xahiş etmişdir. Bu izahatın aşağıdakı hissəsini dəyişdirərək belə təqdim edir: Daha əvvəl verdiyi izahatda psixoloji təsir qorxu stress altında qeyd etmişdir ki İddiaçı 8000 manat borcu olduğunu, lakin bəzi faktlar və subutlar əlavə olunduqda belə qərara gəlir ki, daha əvvəl İddiaçı məsuliyyətdən boyun qaçıraraq şirkətə olan borcu 8000 manatın hamısını Cavabdeh üstünə yıxmağa çalışmış və heç bir sübut təqdim etmədən məhkəməni aldatmağa yönəlmiş bir cəhddir. Belə ki, Cavabdeh və İddiaçı bu 8000 manatı yarı hissəsi İddiaçı və yarı hissəsi Cavabdeh payına düşür. Beləliklə onun ödədiyi pulun yarısını şirkətə ödəməmiş və ödəniş qəbzləri ilə bərabər İddiaçı 2000 manatdan bir az az borcu qalır. Qeyd etmişdir ki, məhkəməyə verdiyi sübutlar və video görüntülər ödəniş qəbzləri, belə qərara gəlir ki, o Fərmana ödədiyi şirkətin ərazi pulunu mənimsəyərək şirkətə ödəməmiş və daha sonra öz borcunu onun borcu kimi təqdim etmişdir. -ödəniş kartı üzrə çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə 200 manat (Qəbz 29869, Terminal 5435, Ünvan: Ən ucuz market Quba şəhəri H.Əliyev pr.) K*****F*****N*****oğluna, xx.xx.2024-cü il tarixdə 1336 manat (Qəbz 5070, Terminal 5801, Ünvan: Ailə market Xaçmaz şəhəri 20 yanvar küçəsi) K*****F*****N*****oğluna, xx.xx.2024-cü il tarixdə 1751 manat S*****T*****M*****oğluna, xx.xx.2024-cü il tarixdə 450 manat Ünvan: (Ailə market Xaçmaz şəhəri 20 yanvar küçəsi) K*****F*****N*****oğluna ödəniş həyata keçirmişdir. - məhkəmənin sorğusuna əsasən alınmış Xaçmaz rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, şöbədə istifadə olunan videomüşahidə sistemində yaddaş qurğularının informasiyanı saxlama müddəti texniki imkanlara uyğun olaraq məhduddur və yalnız müəyyən dövr ərzində məlumatların arxivlənməsi mümkündür. Tərəflərindən aparılan müvafiq texniki araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, mülki iddiaya baxılması ilə əlaqədar Cavabdeh xx.xx.2024-cü il tarixdə Rayon Polis Şöbəsinə gəlməsinə aid video yazılar yaddaş sistemində artıq saxlanmadığından həmin videogörüntülərin bərpası və təqdim olunması texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2024-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən etibarən qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Məhkəmə araşdırması zamanı, iddiaçının təqdim etdiyi sübutlar və tərəflərin izahatları ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh birlikdə "xxxx" Şirkətində işləmişlər. İddiaçı rəsmi olaraq qeyd olunan şirkətin bölgə müdiri vəzifəsində işləmiş, Cavabdeh isə 2024-cü ilin avqust ayına kimi həmin şirkətin məhsullarını respublikanın şimal rayonlarına paylamışdır. 2024-cü ilin avqust ayında hesabat aparılan zaman məlum olmuşdur ki, cavabdeh həmin müddət ərzində şirkətin malını mağazalara paylasa da, malların pulu Şirkətin hesabına daxil olmamışdır. Cavabdeh maddi imkanı olmadığı üçün iddiaçıdan həmin pulu borc kimi onun yerinə ödəməsini xahiş etmiş, qısa zaman ərzində borcunu ona qaytaracağını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehin birlikdə işləmələri və iddiaçının cavabdehin əvəzinə şirkətin hesabına pul ödəməsi tərəflərin izahatı və digər sübutlarla mülki işin mübahisəsiz halına çevrilmişdir. Mülki işin mübahisəli halları borc pulun məbləği və cavabdehin həmin puldan iddiaçıya ödənişlər etməsi ilə bağlı olduğundan, məhkəmə borc pulun məbləğinə münasibətdə cavabdehin istintaq orqanına verdiyi izahata əsaslanır və hesab edir ki, tərəflər arasında 8000 manat məbləğdə pul (borc) münasibəti yaranmışdır. Cavabdeh həmin izahatı təzyiq altında yazdığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh 8000 manat pulun yarı hissəsinin əslində iddiaçının öz borcu olduğunu (onun payına düşdüyünü) bildirsə də, məhkəməyə bu faktı da təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdehin həmin pulun müəyyən hissəsinin iddiaçıya qaytarılması barədə məhkəməyə təqdim etdiyi qəbzələrə münasibətə məhkəmə qeyd edir ki, həmin ödəniş qəbzləri cavabdehin 8000 manat məbləğdə borcunun olduğunu etiraf etdiyi xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan əvvəlki tarixlərə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024) aid olduğundan o cümədən, cavabdeh istintaq orqanına izahat verərək 8000 manat məbləğdə olan borcundan ödənişlər etməsi barədə hər hansı məlumat qeyd etmədiyindən, həmin ödəniş qəbzləri məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında borcla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdehdən 8000 manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar