Məhkəmə qərarları › İş №e-2(067)-2266/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2266/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2266/2025 13.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin elektron formasında cavabdehin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı 20000 manat məbləğində borcunu 1 il 6 ay müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin iddiaçı müqavilə ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1.-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Həmin Məcəllənin 742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər. Həmin Məcəllənin 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar