Məhkəmə qərarları › İş №e-2(067)-2290/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2290/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2290/2023 25.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment və 50 manat ödənilmiş mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2019-cu il tarixdə isə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə oğlu xx.xx.2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Xaçmaz rayon Məhkəməsinin 2(067)- 386/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X2 8 yaşı var. Xaçmaz rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Tərəflərin birgə nikahlarından 1 övladları var. Məhkəmə qətnaməsi ilə aliment məbləği 160 manat təyin olunub. Hazırda isə iddia ərizəsi ilə müraciət edərək alimentin artırılaraq 300 manat olmasını xahiş edir. Xahiş edir ki, iddia təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Aliment 160 manat təyin olunsa da, 220 manat aliment ödəyir. 220 manat aliment məbləği ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-386/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları vardır. Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, boşanmadan sonra onların birgə nikahdan anadan olmuş X2 İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-386/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. İşin hallarından görünür ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin 2(067)-386/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentlə razılaşmş, alimentin artırılması ilə bağlı uzun zaman ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə keçən müddət ərzində tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatların artmasını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, eyni zamanda cavabdehin də 220 manat aliment ödəməyə razı olmasını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 160 manat məbləğində alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-386/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşağın saxlanılması hər iki valideyinin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-386/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 220 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar