Məhkəmə qərarları › İş №e-2(067)-2365/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2365/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2365/2023 27.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcu tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, 5 000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5 070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2019cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xaçmaz rayonu, Qəndab-Yalama yolunun 39-cu kilometrində yolnəqliyyat hadisəsi törətmiş və “Nissan Navara” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN BDYPİ YPXA-dan ünvana inzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və Protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. AR DİN BDYPİ YPXA-nın "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS23/171 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddianı müdafiə edir. "xxxx" ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə VAZ 21063 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xaçmaz rayonu, Qəndab-Yalama yolunun 39-cu kilometrində yol nəqliyyat hadisəsi törətmiş və “Nissan Navara” markalı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh təqsirli bilinmişdir. Bu səbəbdən iddia ilə müraciət edərək cavabdehdən 5000 manat sığorta ödənişi məbləği tələb edir. Xahiş edir iddia təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Protokoldan şikayət verməmişdir. Onun maddi imkanı da yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qüsur aktından müəyyən olunur ki, “Nissan Navara” markalı avtomobilə 5000.00 manat ziyan dəymişdir. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* №-li “İnzibati tənbeh vermə haqqında” Qərardan müəyyən edilir ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan hesablama aktından müəyyən olunur ki, “Hyundai Sonata” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 5000 manat təşkil edir. İş materiallarında olan AS-SHTD-21/256, xx.xx.2021-ci il tarixli Cavabdeh ünvanlanan məktubdan müəyyən olunur ki, cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS23/171 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, 5.000 manat pul Atasığorta ASC tərəfindən X3 hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən sığortalanmış “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Qəndab-Yalama yolunun 39-cu kilometrində yolnəqliyyat hadisəsi törətmiş və “Nissan Navara” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən X4 ödənilmişdir.Yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati xəta haqqında Protokol tərtib olunmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 100 manat cərimə edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 5.000 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar