Məhkəmə qərarları › İş №e-2(067)-2371/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2371/2025

11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2371/2025 11.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1549 (bir min beş yüz qırx doqquz) manat 67 (altmış yeddi) qəpik borc, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin və audit xərci 550 (beş yüz əlli) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022- ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və “X17” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Xətai 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş,xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4554 (dörd min beş yüzəlli dörd) manat 80 (səksən) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1549 (bir min beş yüz qırx doqquz) manat 67 (altmış yeddi) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1549 (bir min beş yüz qırx doqquz) manat 67 (altmış yeddi) qəpik borc borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə İddiaçı MMC məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianını təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 550 manat audit xərci, 60 manat mediasiya xərci və oğurluq aktı ilə əlaqədar məbləği qəbul etmir. Sayımda iştirak etmişdir. Qalan məbləğə dair etirazı yoxdur. Oğurluq edilməsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi video-diskin və məhkəmə qərarının nəzərə alınmasını xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçın nümayəndəsi X6 göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və X17 haqqında müqavilə imzalamışdır, müqaviləyə əsasən mağazaya daxil olan malları təhvil-təslim aktı tərtib edilməklə cavabdeh qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə 4554.80 manat məbləğində ziyan vurması müəyyən olunmuşdur. Şirkət tərəfindən müəyyən güzəştlər edildikdən sonra qalan borc 1549.67 manat məbləğində olmuşdur. Həmin borc məbləğinin cavabdehdən tutulmasını xahiş edirlər. Cavabdeh təhvil-təslim aktı tərtib olunanda iştirak etməmişdir. Məhkəmələrin tövsiyyəsinə əsasən audit yoxlama keçirmişlər, sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Əgər şəxs sayımda iştirak etmişdirsə, lakin aktı imza etməmişdirsə, bu zaman iştirak etməmiş kimi qeyd olunur. Cavabdehin filial müdiri olduğu mağazanın etdiyi satış məbləğinin 49 faizi əskik məbləğdən çıxılmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçın nümayəndəsi X6 göstərmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi videogörüntülərdə həmin marketin olması və vaxtı müəyyən edilməlidir. Videogörüntü olmuşdursa vaxtında təqdim olunmalı idi, təqsirli şəxs müəyyənləşməli idi. Cavabdeh həqiqətən oğurluqla bağlı polisə müraciət etmişdirsə, bununla əlaqədar aktı məhkəməyə təqdim etməlidir. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli 154/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə 682 saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli 58-x saylı əmrlə Cəmiyyətin Satış Departamentinin satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. -xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 4554.80 AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1549.67 AZN borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 1549.67 AZN təşkil edir. -İddiaçı MMC-nin cavabdehə ünvanladığı xəbərdarlıq məktublarından görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli imtina aktından məlum olur ki, "07 "iyun 2023 cü il tarixli 167 nömrəli əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə X1; Komissiyyanın sədr müavini: Mühasibatlıq Departament müdiri: X5, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X7, Satış Departament müdiri: X9, İnventarizasiya şöbə müdiri - X2 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki "xxxx" MMC- nin ünvan 1 ünvanında yerləşən OBA- Xətai 4 (701) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin (-4554.80 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Auditor rəydən görünür ki, audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin OBA-Xətai 4 mağazasında administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan 4554.80 manat dəyərində (məhsul kəsiri) ziyan vurmuşdur. -xx.xx.2025-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, iddiaçı tərəf X3 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş audio-video diskdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Oba” marketdə oğurluq hadisəsi baş vermişdir. -Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-1093/2023 saylı məhkəmə qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsidə yerləşən “Oba” marketdə xx.xx.2023-cü il tarixdə oğurluq hadisəsi baş vermiş və Cavabdeh şikayəti əsasında 460 manat məbləğdə xırda oğurluq hadisəsini törədən şəxs inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022- ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və “X17” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “X17 haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 1549.67 manat təşkil edir.Cavabdeh iddianı qismən qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinə əsasən:

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən:

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən:

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 195-ci maddəsinə əsasən: İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə X17 daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı ödəməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022- ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və “X17” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “X17 haqqında” Müqavilənin tələblərinə əsasən cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Cəmiyyətin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 1549.67 manat təşkil edir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-1093/2023 saylı məhkəmə qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Oba” marketdə xx.xx.2023-cü il tarixdə (cavabdehin administrator vəzifəsində işlədiyi dövr ərzində) oğurluq hadisəsi baş vermiş və Cavabdeh şikayəti əsasında, 460 manat məbləğdə xırda oğurluq hadisəsini törədən şəxs inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki iddia tələbi dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, maddi ziyanın ümumi məbləğindən 460 manat məbləğ azaldılmalıdır. Bundan başqa, iddia tələbində göstərilən auditin keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərin cavabdehdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “X17” haqqında müqavilədə cavabdehin əlavə xərclərə cəlb edilməsi nəzərdə tutulmadığından iddia bu hissədə təmin edilməməlidir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçınə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçınə ödəməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1089.67 manat və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1089.67 manat məbləğində pul, və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçın xeyrinə ödənilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar