Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2404/2025 12.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8405.48 manat əsas, 257.03 manat faiz, cəmi 8662.51 (səkkiz min altı yüz altmış iki manat əlli bir qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 107.03 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, X2 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 10000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, X1 xx.xx.2025-ci il tarixinə əsas borcu 8405.48 manat, faiz borcu 257.03 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №385287 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X1 vəfatından sonra 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində yerləşən Notariatofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır və X1 vərəsəsi – Xaçmaz rayonu, Krasnı-Xutor kəndində qeydiyyatda olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, X1 vərəsəsi Cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2022-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 8662.51 ( səkkiz min altı yüz altmış iki manat əlli bir qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, mərhum həyat yoldaşının kredit almasından məlumatı olmamış, pulun hara xərcləndiyini bilmir. Əri 2023-cü ilin dekabr ayını 1-də vəfat etmişdir, ölüm haqqında şəhadətnamənin surətini banka təqdim etmişlər. Bank ərinin vəfatından 1 il sonra qaynına zəng etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -İddiaçı ASC ilə X3 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən X2 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 10000 manat məbləğində kredit verilmişdir. -İddiaçı ASC -nin cavabdehə ünvanladığı bildirişdən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 106.63 manat dövlət rüsumu, 0.53 manat komissiya haqqı ödənilmişdir. -maliyyə arayışdan görünür ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 8405.48 manat əsas, 257.03 manat faiz borcu vardır. -Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. -vəkil sorğusuna əsasən alınmış 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində yerləşən Notariat ofisinin 11 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2024-cü il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Arvadı Cavabdeh (ŞV: AZE ********; xx.xx.2018, Asan-Sumqayıt 2; FİN:xxxxxxx, d/t:05,Q1.1981) onun vərəsəsidir. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-235 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhum X1 adına hesablanmış 1647.22 manat dəfn üçün müavinətdən ibarətdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından müəyyən olunur ki, X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin cavabdehə ünvanladığı 28 oktyabr 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, elektron arxiv məlumatlarında mərhum X2 məxsus qeydə alınmış daşınmaz əmlak aşkar edilmədi. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən X2 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 10000 manat məbləğində kredit verilmişdir. İş üzrə iddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı kredit borcun mirası qəbul etmiş qanun üzər vərəsəsindən tutulması xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X3 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda borclu X3 vəfat etdiyindən, onun mirası qəbul etmiş qanun üzrə vərəsəsi kimi Cavabdeh mərhumun öhdəliyi üçün tam həcmdə məsuliyyət daşıyır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8405.48 manat əsas, 257.03 manat faiz borcu, 106.63 manat məbləğində dövlət rüsumu və 0.53 manat komissiya haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-2404/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2404/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver