Məhkəmə qərarları › İş №e-2(067)-2524/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2524/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2524/2024 03.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 dekabr 2024-cü ildə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7170.29 manat məbləğində əsas bоrc və 761.64 manat faiz borcu оlmaqla,cəmi 7931.93 manat borcun və 99.72 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 may 2023-cü il tariхli, 300804-417166/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 22% dərəcəsi ilə 8000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 05 avqust 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7170.29 manat məbləğində əsas bоrc və 761.64 manat faiz borcu оlmaqla, cəmi 7931.93 (Yeddi min doqquz yüz otuz bir (.93)) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə kredit gecikdirilmiş sayılır. Borcalan krediti vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, borcu qəbul edir. Borcu o, götürmüşdür. Maddi vəziyyəti ilə əlaqədar hazırda borcunu ödəyə bilmir. O, krediti götürəndə "xxxx" QSC-nin Xaçmaz bölməsində işləyirdi. İşinə güvənərək borcu götürmüşdür. Lakin gözlənilmədən ixtisara düşərək işdən azad olunub. Bu səbəbdən ödənişləri edə bilməmişdir. Borcu ödəyəcək. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 may 2023 il tariхli, 300804- 417166/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 22% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində krеdit vеrilmişdir. - Həmin kredit müqaviləsindən görünür ki, müştəri ödənişlərini müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə bank kreditin qalıq məbləğinin və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 7170.29 manat məbləğində əsas bоrc və 761.64 manat faiz borcu оlmaqla, cəmi 7931.93 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə 7170.29 manat əsas borc, 440.39 manat faiz borcu olduğu bildirilmiş, İddiaçı ASC cavabdehə borcun qaytarılması tələb edilmiş, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə borclunun bank qarşısında borcları yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddia əsaslıdır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 99.72 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7170.29 manat əsas bоrc və 761.64 manat faiz borcu оlmaqla, cəmi 7931.93 manat və 99.72 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar