Məhkəmə qərarları › İş №e-2(067)-268/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-268/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-268/2023 04.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5099,10 AZN əsas məbləğ üzrə, 1043,67 AZN faiz üzrə, 66,12 AZN cərimə, cəmi 6208,89 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 82,49 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh QİZİ arasında bağlanmış 1891nkXCHZb/21 saylı kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20 000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2021-ci il tarixində illik 24% olmaqla 5200 AZN məbləğində kredit köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Müqavilə ilə müəyyən edilir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 1891nkXCHZb/21 saylı müqavilədən müəyyən olunur ki, cavabdehə ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20 000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2021-ci il tarixində illik 24% olmaqla 5200 AZN məbləğində kredit köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2023-cü il tarixli 9/163 saylı rəyindən müəyyən olunur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 1891nkXCHZb/21 saylı kredit müqaviləsinin qeyd olunan şətrləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu (19 oktyabr 2022-ci il tarixədək) 5115,40 manat əsas, 1033,90 manat faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2022-ci il tarixli 9/163 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, cavadehə müraciət olunmasına baxmayaraq o, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 5099,10 manat əsas məbləğ üzrə, 1033,90 manat faiz, 20 manat cərimə və dövlət rüsumu olaraq ödənilmiş 82,49 manat məbləğində pul (dövlət rüsumunun əvəzi olaraq) "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Cavabdeh 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar