Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2706/2025 08.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil işin aidiyyəti üzrə Sumqayıt Kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdehlər ayrı-ayrılıqda işin aidiyyəti üzrə Sumqayıt Kommersiya məhkəməsinə göndərilməsinə etiraz etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, aşağıdakı səbəblərdən hazırkı iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iş üzrə mübahisə tərəflər arasında yaranmış hüquq münasibətləri xaraktercə hər iki tərəfin qarşılıqlı sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olmaqla kommersiya mübahisəsidir. İddiaçı cavabdehdən ona alğı-satqı məqsədi ilə göndərilmiş malların dəyərini tələb edir. “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsi ilə hazırkı iş üzrə tərəflərin vergi məlumatları sorğu edilərkən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən “qarpızın, yemişin becərilməsi” fəaliyyət istiqaməti üzrə ********** nömrəli VÖEN-lə, Cavabdeh2 isə xx.xx.2020-ci il tarixdən “çayxanalar tərəfindən xidmətlərin göstərilməsi” fəaliyyət istiqaməti üzrə ********** nömrəli VÖEN-lə vergi orqanlarında fərdi sahibkar kimi uçota alınıblar. Hazırda İddiaçı fəaliyyəti müvəqqəti dayandırılsa da, Cavabdeh2 fəaliyyəti aktivdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, “...fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.” Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı və cavabdehlərdən biri fərdi sahibkarlıq statusuna malik olan şəxslərdi, digər iki nəfər isə fərdi sahibkar statusuna malik deyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə də, yuxarıda sadalanan işin faktiki hallarından və qanunvericiliyin normalarından görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair e-2(067)-2706/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-269-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair e-2(067)- 2706/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-2706/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2706/2025
08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver