Məhkəmə qərarları › İş №e-2(067)-275/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-275/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-275/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəmədə müraciət edərək, Cavabdeh cəmi 5500 (beş min beş yüz) manat məbləğində pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh özünü ona vəkil kimi tanıtmışdır. Həyətindən meyvə satdığı adamdan pulu ala bilmədyi üçün o, məhkəməyə müraciət etməyə qərar vermişdir. Bu səbəbdən də, vəkil kimi ona özünü tanıdan Xaçmaz şəhəri, Nəsimi küçəsində yerləşən, üzərində hüquqşünas sözü və telefon nömrələri yazılan ofisdə işləyən şəxsə, yəni Cavabdeh yaxınlaşıb ona pul tələbinə dair iddia ərizəsi yazmasını xahiş etmişdir. Cavabdeh ona söz vermişdir ki, yüksək səviyyədə hüquqi xidmətini göstərəcək. Bundan sonra şəxsi ehtiyaclarının olduğunu bildirərək ondan bankdan kredit alıb ona verməsini, 1-2 aya ona qaytaracağına söz vermişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən illik 24% olmaqla 5000 manat məbləğində, 31 mart 2021-ci ildə isə "xxxx" ASC-dən illik 26.5% olmaqla 6000 manat məbləğində, cəmi 11000 manat məbləğində kredit alıb Cavabdeh vermişdir. cavabdeh ona bildirmişdir ki, narahat olmasın, banka hər ay faizdəri onun adından ödəyəcəkdir. Lakin cavabdeh onu aldadaraq öhdəliyini icra etməmişdir. Ona olan borcun bir hissəsini versə də, qalan 5500 manat hissəsini özündə saxlamışdır. Hətta ona maşınını satıb, tezliklə borcunu qaytaracıqına söz vermiş, lakin sözünü yerinə yetirməmişdir. hazırda cavabdeh borcun ödənilməsi üçün imkanının olmadığını bildirir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh ona olan borcunu ödəmədiyindən o, Xaçmaz Rayon Polis Şöbəsinə rəsmi müraciət etmişdir. Xaçmaz Rayon Polis şöbəsində aparılmış araşdırmanın mülki xarakterli olduğundan onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh ona özünü hüquqşünas kimi təqdim edib və onu aldadıb. Cavabdehlə tanışlığı belə yaranıb. Daha sonra ondan borc pul istəyib. Cavabdeh ona bildirdi ki, maddi imkanı yoxdur. Təcili pul lazımdır və bu pulu bir aya geri qaytaracağını söyləmişdi. O, cavabdehin dediklərinə inanmışdır. Çünki ona etibar edirdi. Bundan sonra o, banka gedərək kredit almış və həmin pulu cavabdehə vermişdir. Özü də bildirdi ki, banka pulu vaxtında ödəyəcək. Daha sonra ona bankdan zəng edərək borcun ödənilməməini söylədilər. O, cavabdehlə əlaqə saxlayaraq pulu ödəməsini söyləmiş, həmin vaxt cavabdeh pulu ödəyəcəyini bildirmişdir. Ümumilikdə, cavabdehə 5500 manat pul vermişdir. Qeyd etdiyi kimi cavabdehi o, hüquqşünas kimi tanımışdır. İddia ərizəsini yazmaq üçün ondan 600 manat pul almışdı. Daha sonra da borca pul alaraq pulunu geri ödəmir. O, banka da cavabdehlə birgə getmişdir. Pulu tək bir bankdan götürməmişdir. Həm "xxxx" ASC-dən, həm də "xxxx" ASC-dən pul alıb cavabdehə vermişdir. Hər iki bankdan ümumilikdə 11000 manat kredit götürmüşdür. Cavabdeh həmin məbləğdən ona müəyyən ödənişlər edib. Ona maraqlı gələn bir məqam da odur ki, o, daha əvvəl də maddi imkanı zəif olduğu vaxtlarda banka kredit üçün müraciət etmişdir. Lakin ona kredit verilməyib. Sanki cavabdeh əvvəlcədən bank ilə danışmışdı. Banka gedən kimi hər iki bank da pulu verdi. "xxxx" ASC ilə arasında 4000 manat məbləğində kredit müqaviləsi bağlanıb. Bunu cavabdeh özü də etiraf edib. Lakin cavabdehin borcu bununla bitmir. Bundan əlavə də ona pul borcludur. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 5500 manat məbləğində pul tələb edir. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ondan 5500 manat məbləğində pul istəyir, lakin 4000 manatlıq kredit müqaviləsi bağlanıb. Həmin borcdan 200 manat pulu ödəyib. Bunu ödəməyi ilə bağlı qəbz də var. Bundan əlavə olaraq da 1000 manat və 1500 manat pulu da cavabdehə 2 dəfəyə ödəmişdir. İddiaçı həmin ödəniş əsasında ondan polisə etdiyi şikayət ərizəsini geri götürmüşdür. Hətta bununla bağlı izahat da vermişdi. Geriyə qalan 1300 manatı da hissə-hissə şəklində iddiaçıya ödəmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Polis Şöbəsinin İB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeha barədə etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Həmin qərardan görünür ki, cavabdehin verdiyi izahatda İddiaçı ona 4000 manat pulu verdiyini göstərmiş, razılaşmaya əsasən iddiaçının öz adına bankdan götürdüyü krediti ödəyəcəyini bildirmişdir. Belə ki, aylıq ödəniş 214 manat olmuş, krediyi ödəməyə başlamışdır.Ümumilikdə təxminən 1000-1500 manat krediti artıq ödəmişdir. - Qeyd olunan qərardan həmçinin görünür ki, cavabdeh iddiaçıya 200 manat pul ödəmişdir, qalan borcu da hissə-hissə ödəyəcəkdir. Məhkəmə, cavabdehin sözügedən tələbi tam təkzib, bunun əksini sübut edə bilməməsini, eləcə də cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda əks olunan cavabdeh tərəfindən borcdan 200 manat ödənişin olunmasını, yerdə qalan borcun hissə-hissə qaytarılmasına dair verdiyi izahatı nəzərə alaraq, hesab edir ki, Ağaməmmədov Kərim iddiaçıdan etiraf etdiyi məbləğdə, yəni (4000 manat) pul almışdır. Göründüyü kimi, tərəflər arasında borc münasibələrindən irəli gələn öhdəliyə əsaslanan hüquq və vəzifələr yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh öz məqsədləri üçün iddiaçının adına iki bankdan kredit götürmüşdür. O, cavabdehə aralarında olan razılığa əsasən hər ay ödənişləri şəxsən ödəyəcəyinə söz versə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçının ərizəsi əsasında aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh hazırda iddianı qəbul etmir, iddiaçıya olan borcunu ödədiyini bildirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən, iddia 3800 manat həcmində olmaqla, qismən əsaslıdır. Belə ki, iddiada tələb olunan 5500 manat pulun 1500 manat verilməsi hissəsi iddiaçı tərəfindən sübuta yetirilməmiş, həmçinin borcdan 200 manat hissəni cavabdeh geri qaytarmışdır. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdə (ərizədə) cavabdeh borcun tam şəkildə ödənildiyini, iddiaçıya borcunun olmamasını bildirsə də, bunu məhkəmə iclasları zamanı sübuta yetirməmiş, hətta dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddiasına dair etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş, bunu təsdiq edəcək heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş rüsumun 58 manat hissəsi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 3800 manat borc və ödənilmiş 58 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3800 manat məbləğində pul və ödənilmiş 58 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar