Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-4000/2025 22.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr- sadələşdirilmiş icraat formasında maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 570 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin, 30 manat dövlət rüsumunun, ümumilikdə 600 manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mitsubishi Airtirek” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu Xudat şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Vaz 21723” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Mitsubishi Airtirek” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqəliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan (Nikah haqqında şəhadətnamə ilə) idarə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına” dair xx.xx.2023-cü il tarixli qərarına əsasən şəxsin Nikah şəhadətnaməsi ilə nəqliyyat vasitəsini idarə etməsi onun həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi anlamına gəlir. Belə ki, qeyd olunan qərara əsasən qanunvericiliyin tələbinə görə, notarius ərarvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən isə ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur. Göründüyü kimi nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması onun etibarnamə olmadan idarə edilməsidir. Bu da qanunvericilikdə nəzərdə tutulduğu kimi sığortaçının subroqasiya hüququnu yaradır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 570 manat məbləğində maddi zərər dəymişdir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X3 tərəfindən “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASC-nin hesabına 570 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının subroqasiya hüququnu yaradan əsas kimi təsbit olunmuşdur. Göstərilənlər nəzərə alınmaqla Cavabdeh 570 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğininin, 30 manat dövlət rüsumunun, ümumilikdə 600 manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İş materiallarına əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “Mitsubishi Airtirek” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu Xudat şəhəri ərazisində manevr edib dönmə əməliyyatı apararkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Vaz 21723” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Törətdiyi inzibati xəta hadisəsinə görə Cavabdeh Azərbaycan Reapublikası İnzibati Xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21723” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi- zərərçəkmiş şəxs X1 570 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “A” formatlı ödəniş tapşırığından xx.xx.2024-cü il tarixli sığorta aktından və digər sənədlərdən müəyyən olunur ki, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASC-nin hesabına zərərçəkənin zərərinin ödənilməsi üçün 570 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı sığorta şirkətinin Subroqasiya hüquqları yaranmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən tərəflər arasındakı münasibətlərə dair hüquq münasibətlərini tənzimləyən müvafiq normalarının tətbiq edilməli olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının «İcbari Sığortalar Haqqında Qanun»un 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi tam təmin edilməklə, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən tərəfə ödənilmiş 570 manat sığorta ödənişi məbləği, 30 manat dövlət rüsumu, ümumilikdə 600 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən tərəfə ödənilmiş 570 (beş yüz yetmiş) manat sığorta ödənişi məbləği, 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 600 (altı yüz) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xıdır Quliyev
Məhkəmə qərarları › İş №e-2(067)-4000/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-4000/2025
22.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver