Məhkəmə qərarları › İş №e-2(067)-404/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-404/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-404/2025 06.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8241.35 manat əsas, 1708.34 manat faiz, 238.87 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 10188.56 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120.97 manat məbləğində vəsaitin tutulmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 iyul 2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına 09 avqust 2023-ci il tarixində 08 avqust 2026-ci il tarixədədək illik 27% olmaqla istehlak məqsədləri üçün 9000 manat nağd kredit (komissiya 95 AZN, aylıq ödəniş hər ayın 9-u 368 manat) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № 10011nkSUMb/22). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan Çıxarışda əks olunmuşdur. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən müştər kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli, 10011nkSUMb/22 saylı krеdit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 20 iyul 2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına 09 avqust 2023-cü il tarixində 08 avqust 2026-cı il tarixədədək illik 27% olmaqla istehlak məqsədləri üçün 9000 manat nağd kredit (komissiya 95 AZN, aylıq ödəniş hər ayın 9-u 368 manat) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № 10011nkSUMb/22). 04 iyul 2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh 09 avqust 2023-cü il tarixli, 10011nkSUMb/22 saylı krеdit müqaviləsi üzrə banka olan əsas məbləğ üzrə 8241.35 manat, faiz üzrə 984.11 manat, cərimə üzrə 69.63 manat olmaqla, cəmi 9295.09 manat məbləğində kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə «X1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 31 oktyabr 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, «X1» Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan borclu Cavabdeh 09 avqust 2023-cü il tarixli, 10011nkSUMb/22saylı krеdit müqaviləsi üzrə banka əsas məbləğ üzrə 8241.35 manat, faiz üzrə 1708.34 manat, cərimə üzrə 238.87 manat olmaqla, cəmi 10188.56 manat məbləğində borcu vardır. 31 oktyabr 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 120.97 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 9295.09 manata görə 112.95 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 112.95 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 09 avqust 2023-cü il tarixli, 10011nkSUMb/22saylı Kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bocludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, iddia tələbində və 31 oktyabr 2024-cü il tarixli maliyyə arayışında iddiaçının cavabdehə qarşı qoyduğu tələb məbləği əsas məbləğ üzrə 8241.35 manat, faiz üzrə 1708.34 manat, cərimə üzrə 238.87 manat olmaqla, cəmi 10188.56 manat məbləğində təşkil edir. 04 iyul 2024-cü il tarixli bildirişdə (pretenziyada) isə Cavabdeh 09 avqust 2023-cü il tarixli, 10011nkSUMb/22saylı krеdit müqaviləsi üzrə banka olan borcu əsas məbləğ üzrə 8241.35 manat, faiz üzrə 984.11 manat, cərimə üzrə 69.63 manat olmaqla, cəmi 9295.09 manat məbləğində qeyd etmiş, bundan əlavə iddiaçı «X1» ASC həmin tarixli bildirişdə (pretenziyada) banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Göründüyü kimi iddiaçı «X1» ASC müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə (Cavabdeh) bildirməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə işin hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı «X1» ASC müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə (Cavabdeh) bildirdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq Cavabdeh tutlmalı olan borc məbləği iddia tələbində və maliyyə arayışında qeyd olunan məbləğ deyil, 04 iyul 2024-cü tarixli bildirişdə (pretenziyada) qeyd olunmuş əsas məbləğ üzrə 8241.35 manat, faiz üzrə 984.11 manat, cərimə üzrə 69.63 manat olmaqla, cəmi 9295.09 manat məbləğində təşkil edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli, 10011nkSUMb/22 saylı Krеdit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 8241.35 manat, faiz üzrə 984.11 manat, cərimə üzrə 69.63 manat olmaqla, cəmi 9295.09 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 112.95 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli, 10011nkSUMb/22 saylı krеdit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 8241.35 manat, faiz üzrə 984.11 manat, cərimə üzrə 69.63 manat olmaqla, cəmi 9295.09 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 112.95 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar