Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-534/2024 07.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2216,57 (iki min iki yüz on altı manat 57 qəpik) manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli X3 əsasən administrator vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 614 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu “Oba- Xudat 3” mağazasında xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 3241,23 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş (cavabdehin əlyazma qeydləri və imzası ilə) xx.xx.2022-ci il tarixli “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi,cavabdeh sayımda tam olaraq iştirak etdi, sayılan miqdarlar qarşılaşdırma yolu ilə yoxlanıldı, cavabdeh bu miqdarlarla tam razıdır, sayım qrupundan və komissiya üzvlərindən heç bir narazılığı olmadı. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdəmüvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu2216,57 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, imza ona məxsus olsa da, bu borc ona aid deyil. Həmin sənədi imzalayarkən məsələnin bu yerə gələcəyini düşünməmişdir. Başqa əlavəsi yoxdur. İddianın rədd olunmasını xahiş edir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-də satıcı-nəzarətçi, kassir vəzifəsinə işə qəbul edimişdir. İş materiallarında olan İddiaçı MMC-nin 02 avqust 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 3241.23 (üç min iki yüz qırx bir manat, 23 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2216.57 (iki min iki yüz on altı manat, 57 qəpik) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh 02 avqust 2023-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 2216.57 (iki min iki yüz on altı manat, 57 qəpik) AZN təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin Cəmiyyət üzrə xx.xx.2021-ci il tarixli 643 saylı əmrdən “İşə qəbul etmə haqqında "çıxarışdan müəyyən olunur ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilmiş. Əsas: Tərəflər arasında bağlanmış əmək müqaviləsi. İş materiallarında olan Əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. 5.2- Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dayən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. 5.3-Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfində həllinə üstünlük verirlər. İş materiallarında olan İddiaçı MMC-nin Cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli 028 saylı "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi barədə əmr imzalanmışdır. Əsas: Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavə və işçinin razılıq ərizəsi. İş materiallarında olan Administratorun vəzifə təlimatından müəyyən olunur ki, ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə məsuliyyət daşıyır. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında Tam maddi məsuliyyət haqqında Müqavilə bağlanılmışdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən İnventarizasiya siyahısına imza edilmişdir. İş materiallarında olan Xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə müraciət olunmasına baxmayaraq o, qeyd olunan borcun ödənilməsi üçün tədbir görməmiş, müqavilədən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçı ilə bağlanmış müqavilə əsasında satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, onunla həmin tarixsə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır.xx.xx.2022-ci il tarixində cavabdeh işdən azad edilmişdir. Maliyyə arayışından məlum olur ki, cavabdehin iddiaçıya vurduğu ziyanın qalıq borcu olaraq 2216.57 manat pul qalmışdır. Bundan başqa cavabdehin iddiaçıya ziyan vurması və zərərin məbləği hər iki tərəfə məlum olmuş, bu hal müvafiq qaydada rəsmiləşmiş, iddiaçı bundan sonrt məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194.-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199.1-ci maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda[ ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi etirafedici ifadələri, habelə dəymiş zərərin məbləğinin 2216,57 manat həddində olması ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Məhkəmə ödənilmiş mediasiya xərcinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan mediasiya xərci ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 60 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 2216,57 (iki min iki yüz on altı manat 57 qəpik) manat məbləğində pul vəsaiti, mediasiya üçün ödənilmiş 60 manat pul vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-534/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-534/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver