Məhkəmə qərarları › İş №e-2(067)-555/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-555/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-555/2023 07.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 1112.48 manat pulun - bundan 637.98 manat əsas, 256.41 manat faiz, 124.13 manat cərimə borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borca hesablanmış 93.96 manat faiz borcunun və iş üzrə ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 RRKX saylı kredit müqaviləsinə əsasən cavabdehə mövcud borcun bağlanması məqsədi ilə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 6920 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə pretenziya göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlərin kredit üzrə cəmi borcu 1112,48 manat təşkil edir. Bundan 637,98 manat əsas, 256,41 manat faiz, 124,13 manat cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borca hesablanmış 93,96 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 2020-ci ildə bankdan aldığı krediti ödəyib. Həmin vaxt bankın rəhbərliyi ilə cavabdeh arasında şifahi razılıq olub, amma cavabdehin krediti ödəməsi rəsmiləşdirilməyib, sistemdə kredit borcunun ödənilməsi görünmürdü. O, bankın rəhbərliyinə gələndən sonra sistemdə araşdırma apararkən görmüşdür ki, cavabdehin ödənilməmiş kredit borcunun olduğu görünür. Ona görə cavabdehi çağırıb ondan ərizə almış və Fond tərəfindən cavabdehin ödədiyi borcun silinməsi aparılmışdır, lakin sistemdə borc silinmə ardıcıllığına uyğun aparılıb. Cavabdeh krediti ödəyəndən sonra borcun sistemdə silinməsinədək təxminən 2 il vaxt ərzində faizlər hesablanmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, müqavilə üzrə borcunu ödəsə də, bank onun borclarını sistem vasitəsilə silməmişdir. İş üzrə digər Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 RRKX saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 6920 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 zamin qismində iştirak etmişdir. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, cavadehə müraciət olunmasına baxmayaraq o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2889 saylı ekspert rəyindən müəyyən olunur ki, hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, 01 RRKX saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarixə) dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 20,23 manat, faiz borcu üzrə 2,82 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 RRKX saylı kredit müqaviləsi üzrə cərimə hesabı iş materiallarında mövcud olmadığından cərimə hesablanmadı. İddiaçı və cavabdeh ekspert rəyinə qarşı hər hansı etirazların olmadıqlarını bildirərək, iddianı ekspert rəyinə uyğun təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi cəmi 23,05 manat hissədə təmin edildiyindən, cavabdehdən 5 manat məbləğində dövlət rüsumu tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20,23 manat məbləğində əsas, 2,82 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 5 manatı tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar