Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-604/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 180 manat məbləğində əsas bоrc və 273.38 manat faiz borcu оlmaqla, cəmi 453.38 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 2280.00 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 06 dekabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 180 manat məbləğində əsas bоrcu və 273.38 manat faiz borcu оlmaqla, cəmi 453.38 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən bu günədək borclu ödəniş etməmiş və onunla Bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə onun arasında girov müqaviləsi bağlanılıb, girov qoyduğu qızılların qiyməti zərgərin iştirakı ilə hesablanmaqla həmin qızılların dəyərində ona 2280 manat məbləğində kredit verilmişdir. Lakin o, elə ilk ödəniş vaxtı iddiaçı tərəfə telefonla məlumat vermişdir ki, ödəniş edə bilmir, girov qızılı satıb borcu bağlasınlar. Qızılın satılmasını deyəndən sonra qızılı satmışlar, lakin ona bu barədə hər hansı sənəd verilməmişdir. 1 ay üçün əsəs borc məbləğinə hesablanmış faiz məbləği qəbul edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 2280.00 manat məbləğində krеdit vеrilmişdir. -30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli krеditi müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh arasında qızıl girov müqaviləsi bağlanmışdır. -30 may 2023-cü il tarixli girovun saxlanca qəbul edilməsi aktından müəyyən olunur ki, 583 əyarlı 29.60 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 2 ədəd üzük, 750 əyarlı 4.5 qram çəkidə 1 ədəd üzük (1 qaşı çıxılıb) Bankın pul anbarına saxlanca verilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 2280.00 manat məbləğində krеdit vеrilmişdir. Müqavilə üzrə cavabdehin iddiaçıya 180 manat məbləğində əsas bоrc və 273.38 manat faiz borcu vardır. -Elektron qaydada məhkəməyə göndərilən ərizədən müəyyən olunur ki, 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli qızıl girov müqaviləsinə əsasən borcluya məxsus qızıl-zinət əşyaları saxlanca qəbul edilmiş və müvafiq olaraq Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yüklülüyün bildirişi qeydə alınmışdır. Cavabdeh borcunu ödəmədiyinə görə girov qoyulmuş qızılzinət əşyaları satışa çıxarılmışdır. Satışdan əldə olunan 2100 manat məbləğində pul vəsaiti əsas borcun silinməsinə yönəldilmişdir. -İddiaçı ASC -nin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 27% ödəmək şərtilə 2280 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 30 may 2023 il tariхli, 300805-662290/1 nömrəli girov müqaviləsi bağlanmış, kredit verildikdən qısa müddət sonra girov müqaviləsinin predmeti olan qızıllar satılmışdır. İş üzrə iddiaçı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş həmçinin, girov müqaviləsi üzrə hüquqlarını həyata keçirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək kredit müqaviləsi bağlandığı andan ləğv olunanadək əsas borc məbləğinə hesablanmış faiz məbləği ödəməyərək kredit müqaviləsinin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. 293.1-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər: 293.1.1. girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda; 293.1.2. girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda; 293.1.3. əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı səbəblərdən itirildikdə. 293.2- ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda. 294.1 ci maddəsinə əsasən girova aşağıdakı hallarda xitam verilir: 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1 ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 17.1-ci maddəsinə əsasən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. 17.3-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. 17.6-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixdən (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən cavabdehin 180 manat əsas, 273,38 manat faiz borcu olduğu qeyd edilməklə məhkəməyə kiçik mübahisələr üzrə iddia ərizəsi verilmiş, lakin iddia ərizəsində tərəflər arasında həmçinin, qızıl girov müqaviləsinin bağlandığı, kredit müqaviləsi üzrə əsas borc məbləğinin girov predmetinin satılması ilə təmin edildiyi barədə məlumatlar qeyd edilməmiş həmçinin, iddia ərizəsinə girov müqaviləsi və girov müqaviləsinə aid digər sənədlər əlavə edilməmişdir. Məhkəmə bu barədə məlumatları öz təşəbbüsü ilə mülki işi iddia icraatına keçirdikdən sonra cavabdehin məhkəmə iclasında verdiyi izahatdan və təqdim etdiyi sənədlərdən əldə etmişdir. Yalnız bundan sonra iddiaçı "xxxx" ASC tərəfindən elektron məhkəmə sisteminə girov müqaviləsi və aidiyyəti sənədlər natamam formada yerləşdirilmişdir. Yerləşdirilmiş sənədlərə isə yüklülük predmetinin hansı tarixdə, hansı məbləğdə satılması barədə sənəd, yüklülük predmetinin satılması barədə yüklülük verənə və borcluya göndərilmiş bildiriş və s. sənədlər əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş məlumatda isə girov predmetinin 2100 manata satıldığı, bu səbəbdən cavabdehə verilmiş 2280 manat kredit məbəğindən ödənilməmiş 180 manat kredit borcunun qaldığı qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq məhkmə hesab edir ki, iddiaçı iddia tələbinin həcminin az olmasına, kiçik mübahisələrə üzrə iddialara yazılı icraat qaydasında baxılmasına arxalanaraq, məkməyə natamam məlumatlar təqdim etməklə məhkəməni yanıltmaq nəticəsində iddiasının təmin olunmasına çalışmışdır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və yuxarıda qeyd olunan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin kerdit müqaviləsi üzrə əsas borca dair öhdəliyi girov predmetinin satılması ilə icra edilsə də, kredit müqaviləsi ləğv olunanadək əsas borc məbləğinə hesablanmış faiz borcu ödənilmədiyindən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı və cavabdeh arasında mütənasib şəkildə bölüşdürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 94,07 manat faiz borcu və 7 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-604/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-604/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver