Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-71/2024 08.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı (ləğv prosesindədir) ASC-nin Cavabdeh qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (ləğv prosesindədir) ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 505,45 (bir min beş yüz qırx beş ABŞ dolları 45 sent) ABŞ dolları əsas borc, 1073,18 (bir min yetmiş üç ABŞ dolları 18 sent) ABŞ dolları faiz, 10 362,11 (on min üç yüz altmış iki ABŞ dolları 11 sent) cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 426,09 (dörd yüz iyirmi altı ABŞ dolları 09 sent) ABŞ dolları, məbəğində faiz (5%) borcu, cəmi13 366,83 (on üç min üç yüz altmış altı ABŞ dolları 83 sent) ABŞ dollarıborcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 158,17 (bir yüz əlli səkkiz manat 17 qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi; 2. İpoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-VN-*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması v ə satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Nərimanov” filialı arasında xx.xx.2013-cü il tarixli, 1178 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 27% (iyirmi yeddi) faiz ödənilmək şərtilə 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2013-cü il tarixli, 1178 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-VN-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra, LPO İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Kredit müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bundan başqa qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş, lakin borclu 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan Banka müraciət etməmiş və bu səbəbdən onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu ( cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İpoteka müqaviləsinin 4.2.2ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2022-ci il tarixinə 1 505,45 (bir min beş yüz qırx beş ABŞ dolları 45 sent) ABŞ dolları əsas borc,1073,18 (bir min yetmiş üç ABŞ dolları 18 sent) ABŞ dolları faiz, 10 362,11 (on min üç yüz altmış iki ABŞ dolları 11 sent) cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 426,09 (dörd yüz iyirmi altı ABŞ dolları 09 sent) ABŞ dolları, məbəğində faiz (5%) borcu, cəmi13 366,83 (on üç min üç yüz altmış altı ABŞ dolları 83 sent) ABŞ dolları borcu yaranmışdır. İddiaçı (ləğv prosesindədir) ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Borcunu inkar etmir. Avtomobil şirkətindir. O, onlarla müqavilə bağlamışdır. Borcu onlar ödəməli idi. Hətta o, heç banka da getməmişdir. Onu aldadıblar. Maşının qiyməti 6000 manatdan çoxdur. Təxminən 7000 manatdır. Borcu o, yox, şirkət ödəməli idi. Avtomobilin qiymətinin 6000 manat hesablanmasına razıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Müqavilədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Nərimanov” filialı arasında xx.xx.2013-cü il tarixli, 1178 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 27% (iyirmi yeddi) faiz ödənilmək şərtilə 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2013-cü il tarixli, 1178 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-VN-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. - Xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə müraciət olunmasına baxmayaraq o, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. - İşdə olan Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6317 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu (xx.xx.2022-ci il tarixədək) 1656.01 ABŞ dolları, 305.21 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. - İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6325 saylı rəyindən müəyyən olunur ki, 2007-ci il buraxılışlı, qızıl rəngli, “Azsamand” markalı (90VN814 dövlət nömrə nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə olan orta bazar qiyməti nəzəri qaydada qiyməti təxminən 6500.00 manat, likvid qiyməti təxminən 6000.00 manat müəyyən olunur. - İşdə olan Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6325 və xx.xx.2023-cü il tarixli 9/6317 saylı rəylərindən müəyyən olunur ki, Cavabdeh aparılmış tədqiqatın dəyəri ümumilikdə 150 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 4.500 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2013-cü il tarixli, 1178 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-VN-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixinə banka 1505.40 ABŞ dolları əsas, 1073.18 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, gecikdirilmiş vaxt 5% ilə hesablanan 426.09 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 449.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın faiz borcuna aid hissədə qismən, yəni ekspert rəyinə uyğun təmin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə isə qeyd edir ki, cavabdehdən 103 ABŞ dolları məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirməsi aparılır: məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda. Qeyd olunan Qanunun 8-ci Maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında xx.xx.2013-cü il ildə “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-VN-*** dövlət nömrə nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə tələb Azərbaycan Respublikası MM-nin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisəli məsələyə dair vahid məhkəmə təcrübəsinin formalaşması baxımından qəbul etdiyi 20 iyul 2020-ci il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qərarda həmçinin qeyd edilmişdir ki, ipoteka predmetinin qiymətləndirilməsi zamanı ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı likvid qiyməti də müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və Ali Məhkəmənin formalaşdırdığı mövqeyə istinadən məhkəmə, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 6.000 manat göstərilməlidir. Ekspert rəylərinin dəyərinin əvəzi olaraq İddiaçı (ləğv prosesindədir) ASC-dən 75 manat, cavabdehdən 75 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1 505,45 ABŞ dolları əsas borc, 305 ABŞ dolları faiz borcu, 103 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 426,09 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə), ödənilmiş 158,17 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməli, tələb “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-VN-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, avtomobilin ilkin satış qiyməti 6.000 manat müəyyən edilməli, avtomobil açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 2339.54 ABŞ dolları əsas borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) və ödənilmiş 158,17 manat dövlət rüsumu İddiaçı (ləğv prosesindədir) ASC-nə ödənilməli, qalan vəsait isə Cavabdeh qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 505,45 ABŞ dolları əsas borc, 305 ABŞ dolları faiz borcu, 103 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 426,09 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə), ödənilmiş 158,17 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Tələb “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-VN-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Avtomobilin ilkin satış qiyməti 6.000 manat müəyyən edilsin. Avtomobil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 2339.54 ABŞ dolları əsas borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) və ödənilmiş 158,17 manat dövlət rüsumu İddiaçı (ləğv prosesindədir) ASC-nə ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat pulun 75 manat hissəsi Cavabdeh, 75 manat hissəsi isə ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-71/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-71/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver