Məhkəmə qərarları › İş №e-2(067)-784/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-784/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-784/2024 25.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi ilə İddiaçı LPO ”ATABANK” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 128 FRes nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, 436 İSKX nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 689,93 (altı yüz səksən doqquz manat 93 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********140 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 448,80 (dörd yüz qırx səkkiz manat 80 qəpik) manat təşkil edir ki, bunun da 445,85 (dörd yüz qırx beş manat 85 qəpik) manatı əsas, 2,95 (iki manat 95 qəpik) manatı faiz borcudur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materallarından müəyyən olunur ki, AtaBank” Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 128 FRes nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli, 436 İSKX nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 689,93 (altı yüz səksən doqquz manat 93 qəpik) manat məbləğində kredit verilmişdir. LPO ”ATABANK” ASC-nin xx.xx.2023-cü il tarixli arayışının surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 128 FRes nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 445.85 manat, faiz borcuna görə 2.95 manat, cəriməyə görə 0,00 manat olmaqla cəmi 448.80 manat borcu vardır. LPO Atabank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli **********140 saylı bildirişin surətindən müəyyən olunur ki, iddiaçı cavabdehə restrukturizasiya müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müqaviləyə xitam verilməsi, bocun vaxtından əvvəl qaytarılmasının tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 445.85 manat, faiz borcuna görə 2.95 manat olmaqla cəmi 448.80 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının cavabdehə qarşı tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 128 FRes nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 445.85 manat, faiz borcuna görə 2.95 manat olmaqla cəmi 448,80 manat və dövlət rüsumuna görə 30 manat vəsait LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar