Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-804/2021 23.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin X3 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia üzrə mülki işə 23 iyun 2021ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq X1 vurulmuş ziyanın əvəzi olaraq 176350 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı MMC 26 iyul 2016-cı il tarixdə dövlət qeydiyyatından keçmişdir və həmin vaxtdan 2018-ci ilin dekabr ayına kimi cavabdeh MMC-nin direktoru vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayında cavabdeh işdən çıxarılaraq yerinə X4 direktor təyin edilmişdir. Bu zaman MMC-nin aktiv və passivlərinin təhvil-təslimi həyata keçirilmiş və məlum olmuşdur ki, MMC-nin kassasında 176350 manat əskik var. Bu zaman təhvil təslim aktına 1 saylı əlavə hazırlanmışdır. Cavabdeh həmin əlavəni imzalayaraq 176350 manat məbləğində pul vəsaitini kassadan şəxsi ehtiyacları üçün götürdüyünü bildirmiş və 31 dekabr 2018-ci il tarixədək qaytaracağını üzərinə öhdəlik olaraq götürmüşdür. Lakin cavabdeh pulun geri qaytarılması ilə bağlı əlavə vaxtın verilməsinə pretenziya ilə müraciət edilməsinə edilməsinə baxmayaraq MMC-yə vurduğu ziyanı ödəmək istəmir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməmiş, həmçinin iddiaçının iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf mübahisəyə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iş üzrə iddia müddətini, yəni 1 illik iddia müddətini ötürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.05.2021-ci il tarixli 2-2(102)- 226/2021 nömrəli qərardadından müəyyən olunur ki, hazırki mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. (iş vərəqə 47-49) Həmin qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən vurlmuş ziyanın əvəzi olaraq 176350 manat məbləğində pul vəsaitinin iddiaçı MMC-nin xeyrinə tutulması ilə əlaqədar yaranmış hazırki mübahisə tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, Cavabdeh (işçinin) iddiaçı MMC-nin (işəgötürənin) direktoru vəzifəsində işlədiyi dövrdə əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar yaranmışdır. Yəni hazırki “xxxx” barədə iddia tələbi işəgötürən MMC-nin keçmiş direktoruna işdən çıxarılmış işçisinə qarşı yönəldilmişdir. İşçi tərəfindən işəgötürənə zərər vurulması ilə əlaqədar olan bu xüsusat cavabdehin direktor vəzifəsindən azad edildiyi (işdən çıxarıldığı) vaxt müəyyən olunmuşdur və əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar yaranmış bu kimi mübahisələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla həll olunur. (iş vərəqə 48) Həmin qərardadın əsaslandırıcı hissəsində qeyd olunur ki, Xaçmaz rayon məhkəməsi tərəfindən 30 mart 2021-ci il tarixli qərardadda mülki iş üzrə mübahisə predmeti «tərəflərin sahibkarlıq fəaldiyyəti» ilə əlaqələndirilərək, «İşin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi» qənaətinə gəlinmiş olsa da, iş materiallarına əsasən tərəflər arasındakı hazırki mübahisə Əmək Qanunvericiliyi ilə nizamlanan münasibətlər əsasında yaranmışdır. (iş vərəqə 48) İş materiallarında olan İddiaçı MMC-nin 30 noyabr 2018-ci il tarixli 37/4 nömrəli sənədindən müəyyən olunur ki, X5 əmək məcəlləsinin «68a» bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarından görünür ki, 01.09.2016-cı il tarixli əmək müqaviləsinə əsasən cavabdeh X5 İddiaçı MMC-yə direktor vəzifəsinə işə qəbul olunmuşdur. 30.11.2018-ci il tarixdə isə işdən azad olunmuşdur. Yuxarıda sadalananlardan da göründüyü kimi tərəflər arasında yaranmış hazırki mübahisə əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar yaranmışdır və bu mübahisə əmək qanunvericiliyi ilə nizamlanan münasibətlərə aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İş materiallarından görünür ki, iddia ərizəsi 08 fevral 2021-ci il tarixdə verilmişdir. İş materiallarından görünür ki, cavabdeh 2018-ci ilin noyabr ayından işdən azad olunmuşdur. Hazırki iddia ərizəsi isə 2021-ci ildə, yəni cavabdehlə əmək müqaviləsinə xitam verildikdən 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə verilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti 1 il olduğundan, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Göründüyü kimi tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Bu baxımdan cavabdehin ərizəsinə əsasən iddia tələbinə bir illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti bir il olduğundan, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin X3 qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №e-2(067)-804/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-804/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver