Məhkəmə qərarları › İş №e-2(067)-829/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-829/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-829/2024 08.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 783.79 (yeddi yüzsəksən üç) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 783.79 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1412 gün üçün hesablanmış faiz borcu 30.40 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 1412 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 752.81 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti onmin manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borc verən AccessBank QSC ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh AccessBank QSC-dən aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 783.79 (yeddi yüzsəksən üç) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. AccessBank QSC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan müəyyən olunur ki, kreditor borcluya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. AccessBank QSC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 783.79 manat, faiz borcuna görə 30.4 manat, cəriməyə görə 752.81 manat olmaqla cəmi 1567 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 1412 gün təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 783.79 manat, faiz borcuna görə 30.4 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının əsas və faiz borcu tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 40 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinə əsasən əsas borca görə 783.79 manat, faiz borcuna görə 30.4 manat, cərimə borcuna görə 40 manat olmaqla cəmi 854.19 manat borc və ödənilmiş 35 manat məbləğində dövlət rüsumu AccessBank QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar