Məhkəmə qərarları › İş №e-2(067)-895/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-895/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-895/2025 14.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1499.56 AZN əsas; 223.32 AZN faiz; cəmi 1722.88 AZN pul vəsaitinin və 37.23 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqaviləyə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşmaya əsasən onun kartına 59 ay müddətinə 1500 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1499.56 AZN əsas; 223.32 AZN faiz; cəmi 1722.88 AZN borcu yaranmışdır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlə bank arasında xx.xx.2023-cü il tarixdə debet kart müqaviləsi bağlanmışdır. Cavabdeh bankın tətbiqini yükləmiş və həmin birbank tətbiqindən istifadə etmişdir. İş üzrə cavabdeh özünə məxsus istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə bankın tətbiqindən qeydiyyatdan keçmişdir. Qeydiyyat olunduqdan sonra həmin sistemə cavabdehin özünün icazəsi olmadan heç kim istifadə edə bilməz. xx.xx.2024-cü il tarixdə cavabdehlə əlavə razılaşma əsasında cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli sifarişlə də sübut olunur ki, kredit cavabdehin istifadə etdiyi ***-***-**-** mobil nömrədən sifariş verilmişdir. Buna dair müqavilə və sifariş iş materiallarına əlavə edilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 5-ci bəndində kartdan istifadə qayda və şərtlərində qeyd edilmişdir ki, kartla bağlı hər hansı bir hərəkət edilməsi, itirilməsi və ya oğurlanmasında birbaşa məsul şəxs müştəridir. Bununla da subut olunur ki, cavabdeh hər hansı bir məlumatı kiməsə veribsə birbaşa məsuliyyət onun üzərinə düşür. Tərəflər arasında kreditin rəsmiləşdirilməsi tam qaydalara uyğun aparılmışdır. Azərbaycan Mərkəzi Bankının “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq Bank məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Qaydanın 5.10-cu bəndində (məsafədən bank hesabının açılması bankın və ya Mərkəzi Bankın operatoru olduğu informasiya sistemi və ya onların mobil tətbiqi vasitəsilə həyata keçirilir) nəzərdə tutulmuş vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Qaydaların tələblərinə əsasən Məsafədən Satış və Xidmət Şöbəsinin (bundan sonra - MSXŞ) əməkdaşı ilk növbədə onlayn kredit sifarişi üçün müraciət etmiş şəxsi identifikasiya edir və rəsmiləşmə üçün lazım olan aşağıdakı eyniləşdirmə məlumatlarını əldə edir: Müştərinin adı, soyadı, ata adı müəyyən edilir. Müştərinin eyniləşdirilməsi zamanı hər hansı şübhə yaranarsa digər məlumatlar (eyniləşdirmə sualları, şəxsiyyəti təsdiq edən sənədin fin kod və ya seriya nömrəsi, doğum tarixi, əmək haqqı, kartına mədaxillər, kartın üzərindəki son 4 rəqəm, kartla aparılmış sonuncu əməliyyat və s.) soruşula bilər. MSXŞ əməkdaşı yalnız müştərini tam eyniləşdirdikdən və verilən məlumatların və razılığın həqiqətən müştərinin iradə ifadəsini əks etdirdiyindən tam əmin olduqdan sonra prosesi davam etdirir. Bundan sonra müştərinin seçimi üzrə kredit məhsulu MSXŞ tərəfindən rəsmiləşdirilir. Rəsmiləşmə zamanı kredit risklərinin təhlili departamentinin (bundan sonra KRTD) rəyi tələb olarsa, MSXŞ əməkdaşı tərəfindən KRTD-yə yönləndirilir. KRTD-nin rəyi müsbət olduğu təqdirdə rəsmiləşmə davam edir (skorinqin nəticəsi mənfi və ya KRTD-nin rəyi mənfi olduqda MSXŞ əməkdaşı müştəriyə məlumat verir və müraciətə imtina olunur). Rəy müsbət olduğu təqdirdə MSXŞ əməkdaşı tərəfindən yığılmış tapşırığın rəsmiləşdirilməsinin yekunlaşdırılması üçün müştəriyə avtomatik link göndərilir. Növbəti mərhələdə müştərinin sonrakı eyniləşdirilməsi prosesi Virtual eyniləşdirmə sistemi (bundan sonra – DVS) vasitəsi ilə davam etdirilir. Eyniləşdirməni 3 üsulla həyata keçirmək mümkündür: - 10 saniyəlik video çarx yazılması (müştəri tərəfindən çəkilən video çarx); - Rəqəmsal satışlara xidmət bölməsinin (bundan sonra - RSXB) əməkdaşı ilə video zəng; - Fotoşəkil əsasında üztanıma; Müştərinin müəyyən olunmuş mobil nömrəsinə OTP kod və təsdiqlənmə linki göndərilir, müştəri OTP kodu linkdəki müvafiq xanaya daxil edir və eyniləşdirmə prosesi bitdikdə müştəri sənədlər səhifəsinə keçid edir. Burada müştəri sənədləri yükləyə bilər. Müştəri sənədlərlə tanış olduqdan sonra xanaları işarələyir və təsdiqləyir. Eyniləşdirmə nəticəsi təyin olunan identifikasiya meyarlarına uyğundursa RSXB əməkdaşı prosesi həyata keçirir. Müştəri tərəfindən proses yekunlaşdıqdan sonra MSXŞ-nin RSXB əməkdaşları bankın əməliyyat sistemində formalaşmış aktiv tapşırığın cari şərtlərə uyğunluğunu yoxlayaraq təsdiq və ya imtina edir. İdentifikasiya uğurlu olduğu halda vəsait müştərinin kreditə bağlı cari hesabına və ya kart hesabına köçürür və proses tamamlanır. Müvafiq qaydada kreditlərin rəsmiləşdirilməsi prosesi qeyd olunan kredit müqaviləsinin şərtlərində də təsbit edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli BRCB5350013B166 saylı Birbank cashback kredit xətti Birbank cashback debet kart müqaviləsinin 4-cü bəndinə əsasən müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 7.2.6-cı bəndinə əsasən müştəri Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır) Həmin müqavilənin 8.5-ci bəndinə əsasən tərəflər razılaşır ki, Bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər” (bundan sonra “Şərtlər”) bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu Müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, Şərtlərlə tanış olmuşdur və Şərtlərdə, o cümlədən bu Müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir, habelə Şərtlərdə və bu Müqavilədə qeyd edilənlərə dair etirazı yoxdur. Şərtlər Bankın rəsmi internet ünvanında (www.kapitalbank.az) və Bankın filiallarında çap versiyasında mövcuddur. Rəsmiləşmə zamanı müştərinin müraciət etdiyi telefon nömrəsinə OTP kodu göndərilmiş və müştəri həmin kodu sistemə daxil edərək aktiv etmiş (təsdiqlənmə kodu əlavə edilir) və müştərinin razılığını bildirən video rolik mövcuddur və disk şəkilində məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2027-cü il tarixli xx.xx.2023 tarixli BRCB5350013B166 saylı Birbank cashback kredit xətti Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən cavabdehin müraciəti əsasında 1500 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh əlavə etdiyi sənədlərdən görünür ki, cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə onu da bildiririk ki, cinayət işinin olması belə əsas vermir ki, cavabdeh məsuliyyətdən azad olunsun. Çünki, məxfi məlumatlar cavabdeh tərəfindən kiməsə ötürülmüşdürsə birbaşa məsul şəxs özüdür. Cavabdeh kiminsə tərəfindən aldadıla bilər, onun kiməsə məxfi məlumatları (kodu) verməsi nəticəsində rəsmiləşmə baş verə bilər. Buna isə bank məsuliyyət daşımır. Həmin qeyd edilənlərin hazırda baxımalı olan iddiaya aidiyyəti yoxdur, çünki bank cavabdehlə müqavilə bağlamış, onunla rəsmiləşmə aparmışdır. Bütün subutlar onu deyir ki, iş üzrə Cavabdehdur. Bir daha qeyd edirik ki, cinayət işinin açılması belə o demək deyil ki, kredit cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən götürülmüşdür. Cavabdeh bildirir ki, bank qərəzli şəkildə sənədləri verməkdən boyun qaçırır. Bu həqiqəti əks etdirmir, cavabdehin dedikləri özünümüdafiə məqsədi daşıyır. Hazırki mərhələdə bu barədə nəsə demək mümkün deyil, cavabdeh özü məxfi məlumatları (kodu) kiməsə vermiş, indi isə məsuliyyətdən yayınmaq üçün belə bir etirazla müraciət etmişdir. Bu gün hələ o sübut olunmur ki, cavabdeh kiminsə tərəfindən aldadılıb, bəlkə özünün razılığı ilə bu məbləğ götürülmüş başqa şəxsin götürdüyü kimi qeyd etmişdir. Cavabdeh tərəf müqavilənin əsassız olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bu cür işlə bağlı məhkəmə qətnaməsi var, Sumqayıt Apellyasiya Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə qüvvədə saxlanılmışdır. Onlayn qaydada bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı Banka qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində qaldırılmış iddia rədd edilmişdir. Qeyd edilən işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Müqavilələrin onlayn qaydada imzalanması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı mövcuddur. Qeyd edilən qərarda Azərbaycan Respublikası Mülki Məcələsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, kredit götürməmişdir. Alış-veriş üçün 2023-cü ildə aldığı debet kartı istifadə edirdi. Ona kredit təklif olunduğunu bilmirdi. Kredit üçün müraciət etməyib və təsdiq onun telefonu ilə olunmayıb. Üz eyniləşməsi, sima və ya heç bir eyniləşmə etmədən adına kredit ayrılıb. O, kredit üçün müraciət etməmişdir. O, sosial şəbəkədə oyun oynayırdı. Ona bildirdilər ki, 300 manat pul qazanmısan, kart şifrəni göndər. Göndərdi, daha sonra təsdiq kodunu yığ dedilər, yığdı. Sonra kartına giriş edə bilmədi. Ona məlum olmayan başqa “Samsung” markalı telefonla proqrama giriş edilib, kredit sifariş olunub və kredit alınıb. Bir neçə gün sonra ona zəng edərək kredit ayrılmasını təklif etdilər və o, etiraz etmişdir. Telefon zəngləri yoxlanılarsa bu hal öz təsdiqini tapar. O, kartının proqramına girmək üçün yenidən qeydiyyatdan keçmişdir. Polis şöbəsində bu barədə istintaq işi aparılır. Kredit məbləği başqa bir karta köçürülüb. Sonradan eşitdiyinə görə həmin kart X2 məxsusdur. O, həmin şəxsi tanımır. Həmin pulun aqibətini bilmir. Ona qarşı dələduzluq, kiber cinayət törədilib. Şəxsi hesabı ələ keçirilib. Adına kredit alınaraq həmin pul mənimsənilib. O, həmin vaxt adi telefon işlədirdi. Ona video zəng edilməyib və tələb olunan eyniləşdirmə aparılmayıb. Bankın məhkəməyə təqdim etdiyi bir ədəd DVD diskdə nümayiş olunmuş videogörüntü onun 2023-cü ildə Bank filialında olarkən debet kart sifarişi zamanı çəkilmişdir. Bankın kredit sifarişini qəbul edərkən müştəri kimi onun eyniləşdirilməsi sübutu kimi məhkəməyə təqdim etmiş olduğu fotoşəkillərdəki şəxsləri tanımır, görünən odur ki, həmin şəxslər xarici vətəndaşlara bənzəyirlər. Fotoşəkillərdəki şəxs o, deyil. Xəbəri olmadan kredit kimi rəsmiləşdirilmiş 1500 manatdan başqa, onun kartında olan əlavə öz pulu da naməlum cinayətkarlar tərəfindən hesabından silinərək ələ keçirilib. Hadisə barədə o "xxxx" ASC-yə və Xaçmaz RPŞ-yə müraciət etmişdir. Xaçmaz RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanmış və həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun videogörüntülü icazəsi olmadan birbank kartına iradəsi olmadan kredit xəttinin ayrılması qanunsuzdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqaviləyə əsasən müştəriyə debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlandığı göstərilən xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşmaya əsasən müştərinin kartına 59 ay müddətinə 1500 AZN məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Mədaxildən dərhal sonra həmin vəsait başqa hesaba köçürülmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqaviləsinə əsasən 1499.56 AZN əsas; 223.32 AZN faiz; cəmi 1722.88 AZN manat borcu vardır. Cavabdeh "xxxx" ASC ilə arasında bağlanması göstərilmiş kredit xəttinə dair xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşmanın onun iradəsi ilə bağlanmadığına görə həmin müqavilənin qanunsuz və etibarsız olduğunu bildirmişdir. Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Mütəllim Fərmanovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Xaçmaz rayonu, Müşkür kənd sakini Cavabdeh əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə kart hesabından ələ keçirilməsi nəticəsində ona maddi ziyan vurulduğu müəyyən edildiyindən Valeh Cəfərov ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 746-2.5. İstehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Maddə 746-2.6. İstehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”: (hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir. 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyrirezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir.

2. Video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. 3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4. Bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2. Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. 6.5. Təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. 6.6. Müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə naməlum şəxs məsafədən cavabdehin xəbəri olmadığı halda sonuncunun Birbank mobil tətbiqinə çıxış əldə edərək onlayn qaydada kredit sifariş vermiş və kredit xətti açılmasına nail olmuşdur. xx.xx.2024-cü il tarixli “Birbank cashbank kredit xətti /// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma” əsasında iddiaçı "xxxx" ASC cavabdehə məxsus plastik kart hesabına 1500 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ cavabdehə məxsus hesabdan naməlum olan başqa şəxsin kart hesabına, ondan isə başqa hesablara köçürülmüşdür. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Əməliyyatlardan bir müddət sonra cavabdeh ona kredit ayrıldığını və həmin pulun başqa karta yükləndiyi bilmişdir. Bununla bağlı Banka və polisə məlumat vermişdir. Hazırda İddiaçı ASC Cavabdeh bankın xeyrinə 1499.56 AZN əsas; 223.32 AZN faiz; cəmi 1722.88 AZN pul vəsaitinin və 37.23 AZN dövlət rüsumunu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının təqsiri üzündən bank qanunvericiliyi ilə müəyyən olunmuş eyniləşdirmə və digər tələblərə riayət edilməməsi nəticəsində sözügedən əməliyyatların aparılmasının baş verdiyini əsas gətirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası VƏ video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. İddia tələbindən görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış 1500 manat kreditin verilməsinə dair xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə kredit razılaşmasını mübahisələndirilir. Məhkəmə ilk növbədə 1500 manat kredit xəttinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə kredit razılaşmasına münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh iddiaçı bankın xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə kredit razılaşması bağlanarkən üztanıma aparılmadığına görə bank tərəfindən qaydalara əməl olunmadığını bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırkı halda isə bank tərəfindən iddiaçıya 1500 manat keditin ayrılması zamanı yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, bankın “müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşıması”na dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək məsuliyyəti yalnız müştərinin üzərinə qoymaqla, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda bank müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmaqdadır. Halbuki Qaydaya 6 saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq məlumat mübadiləsinin təhlükəsizliyinin təmini üçün lazımi səviyyədə təhlükəsizlik tədbirlərinin görülməsi Bankın vəzifələrinə aiddir. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda iddiaçı bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən 1500 manat məbləğində kredit ayrılmasına dair müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın olur ki, əlavə kredit razılaşması cavabdehin iradəsinə uyğun olmadan bağlanmış, müştərinin eyniləşdirilməsi tələblərinə lazımi şəkildə əməl olunmamış, təqdim olunmuş videofayldakı görüntü müştərinin 2023-cü ildə debet kartı sifarişi zamanı bank filialında çəkilmişdir, əlavə kredit razılaşması bağlanarkən çəkilmiş fotoşəkillər isə başqa şəxslərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Göründüyü kimi, cavabdeh debet kartı kimi istifadə etdiyi plastik kart üzrə ona limitin ayrılması ilə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın kredit götürülmə ilə bağlı dələduzluq hallarının yayıldığı vaxtda bundan məlumatlı olaraq, təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi səbəbindən onun tərəfindən götürülməmiş 1500 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən kredit müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, cavabdehin iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, kredit xəttinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşma tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda cavabdehin iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyi hallarda, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi həll edilməlidir. Məhkəmənin qənaətinə görə hazırkı halda etibarsız hesab edilən xx.xx.2024cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət yoxdur. Belə ki, MM-in 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə birbirilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən Əlavə Razılaşma bağlanarkən cavabdeh tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir. Bununla belə iddiaçıya restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli, 1500 manat kredit xəttinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma etibarsız hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 37.23 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanması göstərilmiş xx.xx.2024-cü il tarixli “Birbank cashbank kredit xətti /// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma” etibarsız hesab edilsin. Ödənilmiş 37.23 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar