Məhkəmə qərarları › İş №e-2(067)-899/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-899/2024

01.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-899/2024 01.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı ilə birgə Cavabdeh1 faktiki istifadəsində və sahibliyində olan onunla birgə nikah zamanı cavabdehin oğlu Cavabdeh2la birgə tikilmiş Xaçmaz rayonu, Xaspoladoba kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə (yeni tikiliyə) yaşayış sahəsindən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, onunla cavabdehin oğlu Cavabdeh2 faktiki olaraq 2004-cü ildə, 26 may 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1326/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə nikahları pozulmuş, xx.xx.2007ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmışdır. xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cəmi 250 manat aliment kəsilmişdir. Cavabdehin oğlu ona bu günə qədər aliment ödəməmiş, ölkə xaricində yaşamağa başlamışdır. Cavabdeh onun qaynanasıdır. Xaçmaz rayonu, Xaspoladoba kəndində yerləşən Ömərova Anar Bakıxan oğlunun atasına və anasına birgə məxsus köhnə tikili evə gəlin köçmüşdür. Keçmiş həyat yoldaşı polis orqanlarında işləmiş, polis serjantı olmuşdur. 2007-ci ildə cavabdehin həyətyanı torpaq sahəsi böyük olduğu üçün keçmiş həyat yoldaşı onunla birgə ailələri üçün yeni ev inşa etməyə başlasa da, həmin evin tam təmiri təxminən 2018-ci ildə bitdikdən sonra keçmiş həyat yoldaşı, o və uşaqlarla birgə həmin evə köçüb yaşamağa başlamışlar. Aralarında münasibətlər korlandıqdan, nikah pozulduqdan sonra cavabdeh onu evdən qovmuşdur. Hal-hazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladları ilə birlikdə müxtəlif ünvanlarda, qohum əqrəba yanında qalır və yaşayır. Hansı ki, o həmin ünvanda yaşamış və oradan istifadə hüququ əldə etmişdir. Həmin yeni tikilini cavabdehlə birgə nikah zamanı inşa etmişlər. İstəyir ki, həmin evə övladları ilə qayıdıb, orada yaşamağa davam etsin. Övladlarından biri qüsürludur. Lakin cavabdeh buna imkan vermir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hal-hazırda Cavabdeh1 faktiki sahibliyində olan evdə yaşadığı ev birgə nikah zamanı tikildiyi üçün onun yaşamaq hüququ əmələ gəlmişdir. Onun Xaçmaz rayonu, Xaspoladoba kəndində yerləşən evdən istifadə hüququ tanınmalı və həmin evə köçürülməlidir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, iddiaçı cavabdehin gəlini olmuş. O, cavabdehin oğlu Cavabdeh2la 2004cü ildə ailə qurmuş, 2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər və birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, uşaqlar da ananın yanında saxlanılmışlar. İddiaçı gəlin köçərkən ərinin valideynlərinin köhnə evinə gəlin köçmüşdür. 2007-ci ildə cavabdehin torpaq sahəsində Anarla Röya üçün ikinci evin tikintisinə başlanılmış, ötən illər ərzində ev hissə-hissə inşa edilib və nəhayət 2018-ci ildə ev tam təmir olunub və Anar ilə Röya həmin evə köçüb yaşamağa başlamışlar. Bir həyətdə iki ev var. X5 arasındakı nikah pozulub, cavabdehlər iddiaçını evdən qovmuşlar. X13 birgə nikahı dövründə tikildiyi uçun iddiaçının həmin evə hüquqları yaranmışdır. Ona görə də iddiaçı hazırkı iddianı qaldırmışdır. Ona görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, nəvələrinin xətrinə iddianı qəbul edir. İddiaçının özünü gəlin kimi qəbul etmir. Oğlu da onu qəbul etmir. Oğlu ilə də danışmışdır, oğlu ona demişdir ki, ev onundur, necə istəyirsən elə də et. İddiaçı gəlib yaşamaq istəyirsə gəlib yaşasınlar. Ona görə o nəvələrinin xətrinə iddiaçıya və uşaqlarına evdə yaşamaq hüququ verir və evə köçmələrinə razıdır. Yeni ev və torpaq sahəsi əri Bakıxanın adınadır. Ev onun sağlığında inşa edilməyə başlanmışdır. İddianın təmin olunmasına etiraz etmir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, mərhum Ömərov Bakıxan Şahismayıl oğlunun, Cavabdeh1, Cavabdeh2 və digər ailə üzvlərinin adına Xaçmaz rayonu, Xaspoladoba kəndində Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarına əsasən xx.xx.1999-cu il tarixli 0.81 ha torpaq sahəsinə verilmiş JN-191 kod 30219038 olan “torpağa mülkiyyət hüququna dair” dövlət aktı və həmin kənddə 0.22 ha torpaq sahəsinə verilmiş JN 060A kod 30219005 olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə aşkar edilmişdir. İş materiallarında olan X2 iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, tərəflər X2 iştirak etmişlər. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 50 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı cavabdehin oğlu Cavabdeh2 ilə 26 may 2005ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamışlar və birgə təsərrüfat aparmişlar. Hazırda isə iddiaçının yaşayış yeri yoxdur. Beləliklə iddiaçı uşaqları ilə birlikdə cavabdehə məxsus Xaçmaz rayonu Xaspoladoba kəndində yerləşən yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı uzun müddət həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Hazırda isə özü və uşaqlarının yaşayış yeri yoxdur. İş materiallarından görünür ki, tərəflər arasında ailə hüquq münasibətləri 2009-cu ildən əvvəl yaranmışdır. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq mövcuddur. İddiaçı cavabdehion oğlu ilə ailə qurduqdan sonra uzun müddət həmin evdə yaşamışdır. İddiaçı cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. Cavabdeh hazırda iddianı qəbul edərək iddiaçının mübahisəli evə köçürülməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, hazırda mübahisəli fərdi yaşayış evi cavabdehin adına dövlət qeydiyyatından keçməsə də, iş materialları ilə sübuta yetirilir ki, həmin ev faktiki olaraq cavabdehin istifadəsindədir (mülkiyyətindədir). İddiaçı ilə cavabdehin oğlu Cavabdeh2 rəsmi nikah münasibətlərində olmuşlar, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1326/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Mübahisəli daşınmaz əmlak da, birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının iddia tələbi daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının əldə edilməsi, əmlakdan payının müəyyən edilməsi ilə bağlı deyil. Hazırki iddia tələbi evə köçürmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı azyaşlı uşağı X7 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan Xaçmaz rayonu Xaspoladoba kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə (yeni tikiliyə) istifadə hüququ tanınsın və həmin yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar