Məhkəmə qərarları › İş №e-2(067)-93/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-93/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-93/2024 11.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Tərəflərin iştirakı olmadan , İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5722.95 AZN əsas,1781.03 AZN faiz, cəmi 7503.98 AZN borcun və ödənilmiş 95.04 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK2570116A156 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2020-ci il tarixli, ZRGTK2570116A156 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 5722.95 AZN əsas; 1781.03 AZN faizc; əmi 7503.98 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini,ekspertizanın rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK2570116A156 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2020-ci il tarixli, ZRGTK2570116A156saylı Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli 9/6316 saylı rəyindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK2570116A156 saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu xx.xx.2023-cü il tarixədək olan borcu (müqavilə müddətinə) 5722.05 manat əsas, 2565.16 manat faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6316 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan xəbərdarlıq bildirişlərindən görünür ki, cavabdehlərə borcun qaytarılması ilə bağlı müraciət olunmasına baxmayaraq onlar, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclular öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcları yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Ona görə də kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması barədə iddia əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 95.04 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5722.95 AZN əsas, 1781.03 AZN faiz, cəmi 7503.98 AZN borc və ödənilmiş 95.04 AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar