Məhkəmə qərarları › İş №e-2(068)-103/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-103/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-103/2024 08.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3470,14 manat məbləğində əsas bоrc və 54,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borcalan Səfərova Cəmilə Ataxan qızı arasında bağlanmış 20 dekabr 2019-cu il tariхli, 200804-554771/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 5000 manat məbləğində krеdit vеrilmişdir. Səfərova Cəmilə Ataxan qızı 26 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Səfərova Cəmilə Ataxan qızının vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Səfərova Cəmilə Ataxan qızına dair 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, Səfərova Cəmilə Ataxan qızının vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən pay almışdır. Bundan sonra Səfərova Cəmilə Ataxan qızının vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 24 yanvar 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3,470.14 manat məbləğində əsas kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 29 fevral 2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə borcalan Səfərova Cəmilə Ataxan qızı arasında bağlanmış 20 dekabr 2019-cu il tariхli, 200804-554771/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 5000 manat məbləğində krеdit vеrilmişdir. İşdə olan ödəniş cədvəlinə əsasən borcalan Səfərova Cəmilə Ataxan qızı istehlak kredit müqaviləsi üzrə 36 ay müddətinə hər ay 198,80 manat, sonuncu ay isə 198,77 manat ödəniş etməli idi. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş Səfərova Cəmilə Ataxan qızından miras qalmış əmlakdan tam hissədə pay almalıdır. İşdə olan maliyyə arayışına əsasən borcalan Səfərova Cəmilə Ataxan qızının 3470,14 manat məbləğində əsas kredit borcu vardır. İşə əlavə edilmiş 29 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 7 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 54,71 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Səfərova Cəmilə Ataxan qızı arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi borclu Səfərova Cəmilə Ataxan qızı öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya cəmi 3470,14 manat məbləğində borcu qalmışdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh Səfərova Cəmilə Ataxan qızının vərəsəsidir və onun mirasından tam hissədə pay almalıdır. Belə olan halda o, Səfərova Cəmilə Ataxan qızının kredit borcuna münasibətdə borclu kimi çıxış etməlidir. Bu səbəbdən Səfərova Cəmilə Ataxan qızının iddiaçıya borclu olduğu cəmi 3470,14 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 54,71 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-27,40 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borc üzrə 3470,14 (üç min dörd yüz yetmiş manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 54,71 (əlli dörd manat yetmiş bir qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar