Məhkəmə qərarları › İş №e-2(068)-111/2024

Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-111/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-111/2024 12.03.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi : İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 əsas borc üzrə 2612 manat, faiz borcu üzrə 491,99 manat olmaqla, cəmi 3103,99 manat borcun və ödənilmiş 51,04 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin giriş hissəsində cavabdehlər kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göstərilsə də, xahiş edirəm hissəsində digər şəxsin X3 adı qeyd olunmuşdur. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh3 iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh3 ölmüş olduğundan, bununla da Cavabdeh3 cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Cavabdeh3 iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-cü maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd olunan Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Həmçinin, iddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra və Cavabdeh3 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 284-4 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunsun. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 44,12 (qırx dörd manat, on iki qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra və Cavabdeh3 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar