Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-115/2022 07.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 155,6 manat əsas, 23,3 manat cərimə borcu olmaqla, ümumlikdə 178,9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 nömrəli əlavəyə əsasən, cavabdeh aldığı “GREE” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 65 manat olmaqla, cəmi 1159 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixində 93.4 manat ödəniş etmiş və qalıq qalmış 155.6 manat borcu qaytarmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, ödənişləri etməkdən boyun qaçırır. Eyni zamanda, tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavənin 3-cü bəndinə əsasən gecikdirilmiş aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minumum 50 qəpik) dəbbə hesablanır alıcı tərəfində satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 233 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%- i, yəni 23,3 manat ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 07 iyun 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1989-ci ildə Abşeron rayonu, Altıağac kəndində anadan olmuş, hazırda Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 nömrəli əlavəyə əsasən, cavabdeh aldığı “GREE” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 65 manat, sonuncu ay 54 manat olmaqla, cəmi 1159 manat ödəməli idi. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə həmin müqaviləyə əsasən əsas borc üzrə 155,6 manat, cərimə borcu üzrə 23,3 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 28 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Əks halda barəsində qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacaqlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 155,6 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavənin 3-cü bəndinə əsasən gecikdirilmiş aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minumum 50 qəpik) dəbbə hesablanır alıcı tərəfində satıcıya ödənilir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 155,6 manat əsas borc məbləğinə 23,3 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-380 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 155,6 manat əsas borc, 23,3 manat cərimə olmaqla, cəmi 178 (yüz yetmiş səkkiz) manat 90 (doxsan) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(068)-115/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-115/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver