Məhkəmə qərarları › İş №e-2(068)-116/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-116/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-116/2022 07.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 73 manat əsas, 10,9 manat cərimə borcu olmaqla, cəmi 83,9 manat borcun və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 199,9 manat əsas, 29,9 manat cərimə borcu olmaqla, cəmi 229,8 manat, ümumilikdə iki müqavilə üzrə 313,7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən, cavabdeh aldığı “Lotus” markalı stolüstü sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 178 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən, cavabdeh aldığı “Samsung A022” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 239,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixində xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021- ci il tarixli müqavilə üzrə isə xx.xx.2021-ci il tarixində 20 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış cəmi 272,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Eyni zamanda, cavabdehin hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 408 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 40,8 manat ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 07 iyun 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda isə Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən, cavabdeh aldığı “Lotus” markalı stolüstü sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 178 manat və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən, cavabdeh aldığı “Samsung A022” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 239,9 manat ödəniş etməli idi. İş materiallarında olan maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 73 manat əsas, 10,9 manat cərimə borcu olmaqla, cəmi 83,9 manat borcu və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199,9 manat əsas, 29,9 manat cərimə borcu olmaqla, cəmi 229,8 manat, ümumilikdə iki müqavilə üzrə 313,7 məbləğində borcu qalmışdır. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinin 3.3.1 bəndinə əsasən alıcı bu müqavilələrin şərtlərini pozulmasına yol verdiyi halda müqavilələrin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. İşdən göründüyü kimi tərəflərin arasında müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya hər iki müqavilə üzrə 272,9 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqavilələrinə 1 saylı Əlavələrin 3-cü bəndinə əsasən gecikdirilmiş aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minumum 50 qəpik) dəbbə hesablanır alıcı tərəfində satıcıya ödənilir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 272,9 manat əsas borc məbləğinə 40,8 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-380 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə 272,9 manat əsas borc, 40,8 manat cərimə olmaqla, ümumilikdə 313 (üç yüz on üç) manat 70 (yetmiş) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar