Məhkəmə qərarları › İş №e-2(068)-119/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-119/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-119/2025 24.06.2025 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 132,8 kv.metr olan fərdi yaşayış evini və Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,2 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 132,8 kv.metr olan fərdi yaşayış evini və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,2 ha torpaq sahəsinin alıcı Cavabdeh 17400 manat qiymətinə satılması razılaşdırılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 2000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 15400 manat məbləği isə 36 ay müddətinədək hər 6 aydan bir dəfə 1200 manat olmaqla 5 dəfə, sonuncu dəfə isə 9400 manat ödəniş etməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 5597 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən həmin əmlaka dair xx.xx.2021-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********18-10301 reyestr nömrəli elektron çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2025-ci il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan seriya xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində 0,20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 132,8 kv.metr olan fərdi yaşayış evini və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,2 ha torpaq sahəsinin alıcı Cavabdeh 17400 manat qiymətinə satılması razılaşdırılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 2000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 15400 manat məbləği isə 36 ay müddətinə, hər 6 aydan bir dəfə 1200 manat olmaqla 5 dəfə, sonuncu dəfə isə 9400 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli təklifdən görünür ki, iddiaçı Cavabdeh müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, cavabdeh alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 132,8 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,2 ha torpaq sahəsinin Cavabdeh 17400 manat qiymətinə satılması razılaşdırılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 2000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 15400 manat məbləği isə 36 ay müddətinə, hər 6 aydan bir dəfə 1200 manat olmaqla 5 dəfə, sonuncu dəfə isə 9400 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 132,8 kv.metr olan fərdi yaşayış evindən və Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,2 ha torpaq sahəsindən çıxarılmalı, əmlak boşaldılmalı və İddiaçı QSC-yə təhvil verilməlidir. Məhkəmə həmçinin, iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 132,8 kv.metr olan fərdi yaşayış evindən və Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,2 ha torpaq sahəsindən çıxarılsın, əmlak boşaldılsın və İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh 100 (yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar