Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-135/2022 19.10.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC (bundan sonra - iddiaçı) X2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 908,18 manat əsas borc, 21 manat faiz borcu olmaqla, cəmi 929,18 manat kredit borcunun və ödənilmiş 32,30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı həmin cavabdehə 12 ay müddətinə, illik 30% olmaqla, 1500 manat məbləğində kredit vermişdir. Cavabdeh X2 ilə bağlanmış zaminlik müqаviləsinə əsаsən zamin iddiaçı qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. Hazırda cavabdehlər ödəniş cədvəlinə əsasən ödəməli olduqları kredit və hesablanmış faizləri banka ödəməkdən yayınırlar və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(068)-135/2022 saylı qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, iddia ərizəsi məhkəməyə göndəriləndən sonra cavabdehlər tərəfindən 300 manat məbləğində ödəniş olunmuş və bununla əlaqədar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Bundan sonra, cavabdehlərin yenidən 200 manat ödəmələri barədə onda hər hansı bir məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1978-ci ildə, Abşeron rayonunun Sitalçay kəndində anadan olmuş, hazırda Xızı rayonu, Sitalçay kəndində qeydiyyatdadır, cavabdeh X2 isə xx.xx.1978-ci ildə Abşeron rayonunun Sitalçay kəndində anadan olmuş, hazırda Xızı rayonu, Sitalçay kəndində qeydiyyatdadır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı həmin cavabdehə 12 ay müddətinə, illik 30% olmaqla, 1500 manat məbləğində kredit vermişdir. Kreditin cavabdehə verilməsini işdə olan eyni tarixli kredit kartının mədaxil (qəbul) aktı və kredit vermə qəbzi də təsdiq edir. Cavabdeh X2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin cavabdeh iddiaçı qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya həmin tarixə 908,18 manat əsas borc, 21 manat faiz borcu olmaqla, cəmi 929,18 manat borcu vardır. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdehlər həmin tarixlərdə iki dəfə 100 manat olmaqla, cəmi 200 manat kredit borcundan ödəniş etmişlər. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 32,30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka kredit borcu qalmışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 6.1.1 yarımbəndinə əsasən müştəri ödənişləri müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə, bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə komisyon haqlarının və digər xərclərini vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinin 1.1ci bəndinə əsasən zamin müqavilədən irəli gələn pul öhdəlikləri əsas borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamı ilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşıyır. İşdən göründüyü kimi X2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə iddiaçı arasında bağlanan kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi hazırki iddia tələbinə məhkəmədə baxılarkən cavabdehlər 200 manat kredit borcundan ödəniş etmişlər və həmin məbləğ iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə nəzərə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin ödənilən məbləğ nəzərə alınmaqla qalıq məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 32,30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əsas borc üzrə 729 (yeddi yüz iyirmi doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(068)-135/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-135/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver