Məhkəmə qərarları › İş №e-2(068)-145/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-145/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-145/2023 25.07.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11444,93 manat əsas kredit borcu, 1386,18 manat faiz borcu və 229,80 manat cərimə borcu olmaqla, cəmi 13060,91 manat məbləğində borcun və 129,18 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən iddiaçı tərəfindən həmin cavabdehə xx.xx.2024-cü il tarixədək illik 21,7% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 13FİZAM128805302 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən iddiaçı tərəfindən həmin cavabdehə xx.xx.2024-cü il tarixədək illik 21,7% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 13FİZAM128805302 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya 11444,93 manat əsas kredit borcu, 1386,18 manat faiz borcu və 229,80 manat cərimə borcu olmaqla, cəmi 13060,91 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli borcun ödənilməsi ilə bağlı bildiriş məktubları göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 129,18 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdehlər kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın 10-cu bəndinə əsasən davam edən 3 bank günü ərzində borcalan onlara verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlləri üzrə ödəmək iqtidarında olmadıqda kreditverən bu razılaşmaya birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13FİZAM128805302 saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin müqavilədən irəli gələn pul öhdəlikləri əsas borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamı ilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi Cavabdeh1 zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 ilə iddiaçı arasında bağlanan kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında digər Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. İşdən göründüyü kimi cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşmanın 6-cı bəndinə əsasən “borcalan” kreditin və kreditdən istifadəyə faizlərin ödənilməsini gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “borcalan”-a qarşı kredit üzrə əsas borcun ödənilməsini gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 (qırx) faizi miqdarında cərimə tətbiq edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 11444,93 manat əsas borc məbləğinə 229,80 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Bu səbəbdən iddia təmin edilməli və iddia ərizəsində göstərilmiş məbləğdə əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 129,18 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borc üzrə 11444,93 manat, faiz borcu üzrə 1386,18 manat, 229,80 manat cərimə borcu olmaqla, cəmi 13060,91 (on üç min altmış manat doxsan bir qəpik) manat məbləğində pul və ödənilmiş 129,18 (yüz iyirmi doqquz manat on səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar