Məhkəmə qərarları › İş №e-2(068)-15/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-15/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-15/2024 30.01.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 51 saylı notariat ofisində 3M-2374 saylı qeydə alınmış, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2975 manat ödənilməmiş icarə haqqı borcu, 1675 manat ödənilməmiş cərimələr və 700 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 5350 manat vəsaitin və 74 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 51 saylı notariat ofisində 3M-2374 saylı qeydə alınmış, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı “Toyota Prius” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, icarə haqqının ödənilməsi müddətini 41 ay təşkil edir. Bir icarə ayı 26 təqvim günü olaraq müəyyən edilir. Gündəlik müəyyənləşdirilmiş icarə haqqı 25 manat təşkil edir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən avtomobil icarədə olduğu müddətdə İcarəçinin avtomobilin bütün texniki nasazlıqlarını aradan qaldırmaq, əmir bərpa işlərini gördürmək, xarici estetik görünüşünü keyfiyyətli və gözəl saxlamaq üçün bütün xərcləri ödəmək öhdəliyi vardır. Həmin müqavilənin 2.1.17-ci bəndinə əsasən İcarəçinin dövlət orqanları tərəfindən tərtib olunmuş protokol, MMX-lar və cərimələri ödəmək öhdəliyi mövcuddur. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi, İcarədar icarə müqaviləsi əsasında avtomobili saz şəkildə İcarəçinin istifadəsinə vermişdir. Lakin İcarəçi avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını İcarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. İcarəçinin 2975 manat ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Bundan başqa avtomobil İcarəçinin istifadəsində olduğu müddətdə 1675 manat ödənilməmiş cərimələri olmuşdur. Avtomobilə tətbiq olunmuş cərimələr cavabdeh tərəfindən uzun müddətdir ödənmədiyi üçün, avtomobilə həbs qoyulmuş və cərimə meydançasına yerləşdirilmişdir. Cərimə meydançasına yerləşdirildiyi dövrdə avtomobil kirayəyə verilməmiş və buna görə də iddiaçının 700 manat dəyərində əldən çıxmış faydası yaranmışdır. Mübahisənin həlli ilə bağlı cavabdehin qeydiyyatda olduğu ünvana xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin, rabitə şirkətinə həmin ünvanda cavabdehi ümumiyyətlə tanımadıqları bildirilmişdir Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında 51 saylı notariat ofisində 3M-2374 saylı qeydə alınmış, xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, iddiaçı “Toyota Prius” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, icarə haqqının ödənilməsi müddətini 41 ay, bir icarə ayı 26 təqvim günü, gündəlik müəyyənləşdirilmiş icarə haqqı isə 25 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh “Toyota Prius” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin elektron xidmətlər portalından çıxarışdan və ödəniş qəbzlərindən görünür ki, “Toyota Prius” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ümumilikdə 1545 manat məbləğində inzibati cərimələr iddiaçı tərəfindən ödənilmişdir. İşdə olan pretenziya məktubundan görünür ki, yaranmış borcla əlaqədar iddiaçı tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 74 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə icarəyə verən icarəçiyə icarəyə ötürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, iddiaçı “Toyota Prius” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. İşdən göründüyü kimi xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, iddiaçı “Toyota Prius” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşlər. Lakin cavabdeh avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını iddiaçıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmiş və 2975 manat ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Bundan başqa avtomobil cavabdehin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası Baş X2 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmiş və ümumilikdə 1545 manat məbləğində inzibati cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinin 2.1.17-ci bəndinə əsasən icarəçinin dövlət orqanları tərəfindən tərtib olunmuş protokol, MMX-lar və cərimələri ödəmək öhdəliyi mövcuddur. Bununla yanaşı, iddiaçı “Toyota Prius” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 1675 manat inzibati cərimə pullarının da cavabdehdən xeyrinə tutulmasını xahiş etsə də, işdə olan ödəniş qəbzlərindən görünür ki, ümumilikdə 1545 manat məbləğində inzibati cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, tələb göstərilən hissədə qismən təmin edilməlidir. İddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, iddiaçı bu barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etmədiyindən əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2975 manat icarə haqqı borcu və 1545 manat ödənilmiş cərimələr, cəmi 4520 manat məbləğində pul və ödənilmiş 74 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2975 manat icarə haqqı borcu və 1545 manat ödənilmiş cərimələr, cəmi 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar