Məhkəmə qərarları › İş №e-2(068)-150/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-150/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-150/2022 05.10.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 220 manat sığorta ödənişinin əvəzinin və 30,40 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 15:07 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış, cavabdeh tərəfindən idarə olunan “QAZ-3302” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən idarə olunan “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymiş və cavabdeh hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh qanunvericiliyin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 220 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, PGU-220305 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra iddiaçı tərəfindən faydalanan şəxs X1 220 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 220 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə ödənildiyindən və cavabdeh hadisə yerindən yayındığından, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1972-ci ildə, Abşeron rayonu, Sitalçay kəndində anadan olmuş, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatdadır. AD seriyalı, 733327 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Azərbaycan Respublikası BDYPİ-nin elektron informasiya sistemindən çıxarışdan görünür ki, AD seriyalı, 716241 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “QAZ-3302” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdehdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:07 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı mülkiyyətçisi cavabdeh özü olan və hadisə baş verən anda cavabdeh tərəfindən idarə olunan “QAZ-3302” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində mülkiyyətçisi X3 olan və hadisə baş verən anda sonuncu tərəfindən idarə olunan “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Azərbaycan Respublikası BDYPİ-nin əməkdaşı tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 220 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli sığorta aktına və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən X1 220 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış avtomobil cavabdeh tərəfindən idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymiş və cavabdeh hadisə yerindən yayınmışdır. İddiaçı bununla bağlı həmin avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşdən göründüyü kimi cavabdeh iddiaçı tərəfindən sığortalanmış avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş və hadisə yerindən yayınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (63.1). İşdən göründüyü kimi cavabdeh avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmış, buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və hadisə yerindən yayınmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən “Nissan Tiida” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 220 (iki yüz iyirmi) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar