Məhkəmə qərarları › İş №e-2(068)-151/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-151/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-151/2025 13.06.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "FİNCA Azərbaycan" MM QBKT-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “FİNCA Azərbaycan" MM QBKT cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada, əsas borc üzrə 1963 manat, faiz borcu üzrə 362,81 manat, 219,18 manat cərimə olmaqla, cəmi 2544,99 manat məbləğində borcun və 45,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0968 saylı kredit müqaviləsinə əsasən, həmin cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və genişlədirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün iddiaçı tərəfindən illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 168 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən onlar, zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, cavabdehlər müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən, cavabdehlərin iddiaçıya əsas borcu 1963 manat, faiz borcu üzrə 362,81 manat, 219,18 manat cərimə olmaqla, cəmi 2544,99 manat təşkil edir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0968 saylı kredit müqaviləsinə əsasən, cavabdehə ailəkəndli təsərrüfatının yaradılması və genişlədirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün iddiaçı tərəfindən illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən onlar, zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2025-ci il tarixinə əsas borcu 1963 manat, faiz borcu üzrə 362,81 manat, 219,18 manat cərimə olmaqla, cəmi 2544,99 manat məbləğində borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 45,45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 12 sentyabr 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh3 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və müqavilə üzrə borcunu ödəməmişdir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zamin kimi kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşlər. Göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi cavabdehlər kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 14 aprel 2025-ci il tarixinə iddiaçıya 1963 manat əsas, 362,81 manat faiz, 219,18 manat cərimə borcu olmaqla, cəmi 2544,99 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə yaranmış borcun ondan tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit alan kredit ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirlmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1963 manat əsas borc məbləğinə 219,18 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli, 1963 manat əsas, 362,81 manat faiz, 219,18 manat cərimə borcu olmaqla, cəmi 2544,99 manat məbləğində pul və ödənilmiş 45,45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 1963 manat əsas, 362,81 manat faiz, 219,18 manat cərimə borcu olmaqla, cəmi 2544,99 (iki min beş yüz qırx dörd manat doxsan doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 45,45 (qırx beş manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "FİNCA Azərbaycan" X3-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar